"Fransanın Azərbaycan üçün ciddi təhdid doğuran addımları cavabsız qala bilməzdi" - Lətif Babayev

 16:19 16.01.2024     304

“Azərbaycan-Fransa münasibətlərində davam etməkdə olan böhranın başlıca səbəbi rəsmi Parisin ermənipərəst, Azrbaycana təzyiq siyasətini davam etdirməsi ilə əlaqədardır. Doğrudur, bu siyasət, xüsusilə də Azərbaycana təzyiq bu günədək olduğu kimi, heç bir nəticə verə bilməz, əksinə qarşılıqlı əlaqələri daha da gərginləşdirir. Hazırda Fransa ilə münasibətlərin gərgin olaraq qalmasında Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm, “Azərbaycan bağı”nın adının götürülməsi, Fransa vətəndaşı Martin Rayanın məlum casusluq fəaliyyətində günahlandırılaraq məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilməsi və bu ölkənin iki diplomatının arzuedilməz şəxs elan olunmasının da təsiri vardır".

Bu sözləri Redaktor.az-a açıqlmasında siyasi analitik Lətif Babayev bildirdi.

Onun sözlərinə görə, casus olayı sıradan bir hadisə deyil və bu, Fransanın ölkəmizə qarşı qeyri-dost münasibətinin açıq göstəricisidir:

"Doğrudur, rəsmi Bakı ötən 3 il ərzində olduğu kimi, Fransa tərəfinin bu qeyri-dost addımlarına – Azərbaycanın “özbaşınalıq”da qınananması, guya Azərbaycanda iş adamı kimi fəaliyyət göstərən Rayanın əsassız saxlanması və dərhal azad olunması tələbinə adekvat cavabını gecikdirmədi. Fransa XİN-in həmin olayla bağlı əsassız, qəbuledilməz, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə müdaxilə cəhdi qəti şəkildə rədd edildi. Digər tərəfdən, hazırda Fransa vətəndaşının cinayət işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaq gedir. İnanırıq ki, Fransa vətəndaşının casusluq fəaliyyətinə istintaqın gedişində tam və obyektiv qiymət veriləcək, kimlərinsə, nə xarici, nə də daxili “ekspert”lərin bu məsələ barəsində narahatlıq keçirməsinə, yaxud öncəgörənlik etməsinə ehtiyac yoxdur. Fransa–Azərbaycan münasibətlərinin bugünkü gərgin durumunun digər səbəblərinə gəlincə, bu, daha çox 44 günlük Vətən müharibəsi dövründə və xüsusi ilə müharibədən sonra bu ölkənin tutduğu birtərəfli mövqe, Ermənistanı açıq şəkildə müdafiə etməsi ilə bağlıdır".

L.Babayev onu da qeyd etdi ki, Fransanın Ermənistanı silahlandırmağa, onu yeni müharibəyə hazırlaşdırmağa çalışması, Senatda və Milli Assambleyada ölkəmizə qarşı qərəzli, böhtan xarakterli qətnamələr qəbul edilməsi, Fransa rəsmiləri tərəfindən əsassız ittihamların irəli sürməsi bu gərginliyin artan xətt üzrə getdiyini göstərir.

"Azərbaycan üçün ciddi təhdid doğuran belə addımlar, şübhəsiz ki, cavabsız qala bilməzdi və qalmır da. Fransanın Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham etməsi və Qarabağda humanitar problemlərin olmasını iddia etməsi də hadisələrin ciddi təhrifi idi və bu yalanların da adekvat cavabı oldu. Məncə, Fransanın yanlış siyasət Cənubi Qafqazda davamlı sülhə ciddi maneə törətməklə, əslində, Ermənistanın da maraqlarına ziddir. Çünki iqtisadi cəhətdən zəif və asılı olan Ermənistana Azərbaycan, eləcə də güclü qonşusu Türkiyə ilə normal münasibətlər qurmaq cox vacibdir və bu onun düşdüyü ağır vəziyyətdən ən doğru çıxış yoludur. Əlbəttə, Fransanın Azərbaycana qərəzli münasibətinin ənənəvi səbəblərini də unutmamalıyıq. Bunların arasında Fransada güclü erməni lobbisinin olması, Azərbaycan–Türkiyə strateji münasibətlərinin bu gün yüksələn xətlə inkişafının ümumən Qərbdə, xüsusən Fransada doğurduğu narahatlıq və sair də var. Ancaq obyektivlik naminə qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsinə qədər bu ölkənin Azərbaycanla münasibətləri normal və əsasən, neytrallıq statusuna uyğun olub. Yekun olaraq deyə bilərik ki, Fransa Azərbaycana qarşı yanlış siyasətində lazımi dönüş etmədiyi halda onun Ermənistanı himayə niyyəti ilə atdığı istənilən addım yalnız əks nəticə verəcəkdir”, - deyə siyasi analitik sonda qeyd etdi.

Həmidə İBRAHİMLİ