ABŞ Dövlət Departamentinin erməniləri müdafiəsinə yersiz cəhdi

 17:43 16.01.2024     346

"Məqsəd Dövlət Departamentinin Azərbaycana təzyiqdir. Bu məsələdə Azərbaycana təzyiq etməyə cəhd göstərilir və bununla guya Azərbaycanda dini azadlıqların məhdudlaşdırıldığı iddia olunur. Halbuki Azərbaycanda bütün dini mərkəzlər, yəhudi, xristian, islam dininin tərəfdarları və etiqad edənlər ibadət yerlərinə davamlı surətdə gəlir və heç bir kilsə, məscid, sinaqoq dağıdılmayıb. Hətta bu yaxınlarda Azərbaycanda yeni sinaqoqun tikiləcəyi ilə bağlı məlumatlar da yayılıb".

Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq Sədrəddin Soltan ABŞ Dövlət Departamentinin bir neçə gün əvvəl dini mövzuda Azərbaycan əleyhinə yaydığı hesabatını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, Dövlət Departamentinin erməniləri müdafiəsinə yersiz cəhddir.

"Fikrimcə, belə bir hesabatın hazırlanmasında, həm də erməni lobbisinin və onun havadarlarının rolu olub. Azərbaycana təzyiqdir. ABŞ erməniləri müdafiə edib və regionda, Cənubi Qafqazda erməniləri özünə doğru daha çox cəlb etmək üçün bu addımı atır. Çünki son zamanlar ermənilər daha çox fəallıq göstərir ki, guya Azərbaycan ərazilərində ermənilərin dini məbədləri dağıdılır. O zaman sual olunur: Dövlət Departamenti Azərbaycan torpaqları işğal altında olduğu müddətdə niyə məscidlərin dağıdılması ilə bağlı etirazını bildirmədi? Həmin dövrdə ABŞ ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri idi. Niyə bu məsələdə ermənilərə və Ermənistana qarşı sanksiya, yaxud etiraz bəyanatı verilmədi, Dövlət Departamentinin hesabatında bu məsələ qeyd olunmadı? Fikrimcə, bu daha çox siyasi təzyiqdir və Azərbaycanı perspektivdə nəzərdə tutulmuş bir sıra məsələlərdə addım atmaq üçün məcbur etmək cəhdlərindəndir", - deyə S.Soltan vurğuladı.

Həmidə İBRAHİMLİ