"Azərbaycan Fəridi ilin axırına qədər ölkəyə gətirəcək" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Qeyd edilib ki, Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Cümşüd Nuriyev bildirdi ki, bu, sırf siyasi bir qərardır.
"Çünki adam orda istədiyi qızın arxasınca gedib. İran səhv addım atıb. O zaman Azərbaycanla münasibətləri gərgin idi. Amma indi münasibətləri xeyli dəyişib, yaxşılaşıb. Azərbaycanın Baş Prokurorluğu da bu işə qarışıb. Baş prokuror Kamran Əliyev İranın baş prokuroru ilə görüşüb. Azərbaycan və İran arasında mübadilə məsələsi var.
Yəqin ki, Azərbaycan İrandan tezliklə onu alacaq ki, cəzasını Azərbaycan ərazisində çəksin. Cavan oğlandır, öz sevgilisinin dalıyca gedib. İran bundan ayrı cür istifadə eləməyə çalışdı, o da alınmadı. Çünki belə xırda sensasiyalara getmək İrana baş ucalığı gətirmir. Amma Azərbaycan həmişə öz vətəndaşının yanında olub, olacaq da və inanıram ki, Azərbaycan onu ilin axırına qədər ölkəyə gətirəcək", - deyə politoloq qeyd etdi.
Həmidə İBRAHİMLİ