Fransanın əsas "qarınağrısı" - "Azərbaycan bu dəhlizi reallaşdırmağa məcburdur"
"Fransanın məqsədi Azərbaycana qarşı sanksiyaları qəbul etmək və Azərbaycanı dayandırmaqdan ibarətdir. Sual olacaq ki, nədən dayandırmaq? Açığı, Azərbaycan beynəlxalq müttəfiqlərlə birlikdə Zəngəzur dəhlizi layihəsinə başladığı gündən etibarən bu təzyiqlərlə üzbəüz qalır. Yəni Çin, Azərbaycan, Türkiyə və ola bilər Rusiya, İranın da iştirak etdiyi qlobal yol Britaniyaya qədər gedəcək. Söhbət "bir kəmər, bir yol"dan gedir. Bu, Azərbaycanın Vətən müharibəsindən sonra daha da aktuallaşdı və reallıq meydana çıxdı".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Əziz Əlibəyli Fransa Senatında Azərbaycana qarşı daha bir qətnamənin müzakirəyə çıxarılmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, paralel şəkildə Azərbaycan özünün ordusunu gücləndirdi, onun üçün inşa olunmuş bir az süni şəkildə yaradılmış düşmən olan Ermənistanı da məğlub elədi və yeni hədəflərə keçid prosesində qarşısında Qərb dünyasını gördü:
"Qərb dünyası Azərbaycanı məcbur etmək istəyir ki, o qlobal yol Hindistandan İsrailə, oradan Yunanıstana, oradan Avropaya keçsin. Amma Çin öz alternativini təqdim edir və bu, Azərbaycandan keçən hansı yoldursa ona üstünlük vermək nöqteyi nəzərindən daha vacibdir. Deməli, Azərbaycan "bir kəmər, bir yol"u Zəngəzurdan keçməklə dəstəkləyir. Bax, bu məqamda Fransanın atdığı addımlar aktuallaşdı və Fransanın addımları bizə qarşı yeni təhdidlər, təhlükələr yaratmaq niyyəti daşıyır. Yəni tam şəkildə Azərbaycan dayansa, dursa, geri çəkilsə, bax, bu proseslər də başa çatmış olar. Amma Azərbaycan olum və ya qalım məsələsi olan bu dəhlizi reallaşdırmağa məcburdur".
Həmidə İBRAHİMLİ