"Ermənistan bu dəfə də müharibə etsə, əvvəlki 9000 kvadrat kilometrdə qalacaq"

 17:18 17.01.2024     567

Xəbər verdiyimiz kimi, bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir.

Bu barədə missiyanın "X" hesabında paylaşım edilib. Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.

Avropa Ermənistandakı missiyasının sayını artırdığı ərəfədə Rusiya da Ermənistana çoxdandır verməli olduğu silahları göndərib.

Məsələni Redaktor.az-a şərh edən politoloq Elşad Həsənov bildirdi ki, həmin 1500 müşahidəçi altı əməliyyat bazasından idarə olunur və oradan əməliyyatlarını aparırlar.

Onun sözlərinə görə, onların da məqsədi müşahidə aparıb hər hansı məlumatları mərkəzə ötürməkdir:

"Yəni bu, birbaşa Ermənistanın daxili işlərinə qarışmaq, onların daxili, hərbi işlərini idarə etmək və sərhəd məsələlərində Ermənistana xəbər vermədən həmin toplanan materialları birbaşa Avropa İttifaqına ötürməkdir. Əsas mərkəz də burada Fransadır. Fransa kəşfiyyatı, Fransa Hərbi Nazirliyi bu işdə daha çox fəallıq göstərir və məlumatlar onlara göndərilir. Eyni zamanda da bəli, Rusiya silahlarının Ermənistana gəlməsi haqqında müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkanyan bildirib ki, artıq Rusiya bizim silahlarımızı verib. Bilirik ki, bu da 2021-ci ildə bağlanmış silahların alınması haqqında Ermənistanla Rusiya arasında olan müqaviləyə əsasəndir. Xeyli müddət idi ki, elə 44 günlük müharibə dövründə də Ermənistan həmin silahları ala bilmirdi. Çünki Rusiya bağladığı müqavilə müddətində həmin silahları Ermənistana təhvil verə bilmədi. Səbəb özünün artıq müharibə aparması idi. Bir reallıq da var ki, Rusiya-Ukrayna müharibəsində Rusiya özü İrandan, Şimali Koreyadan silahlar alır. Ancaq Ermənistanı itirməmək üçün onlara silah, sursat göndərirlər. Təbii ki, bütün bunlar da ancaq vəziyyəti gərginləşdirmək, Ermənistandakı revanşist qüvvələri yenidən silahlandırmaq və müharibənin olacağını, yəni onların revanşist hərəkət etmələrini daha şərtləndirən amillərdəndir. Eyni zamanda, bildiyiniz kimi, Ermənistan Hindistandan 260 milyon dollarlıq silah-sursat aldı, o cümlədən zenit raketləri. Fransa ilə də müqavilə bağlayıblar ki, Fransa ordusu da onlara silah-sursat satsınlar. Yəni görünən nədir? Görünən odur ki, artıq Ermənistanın siyasi rəhbərliyi sülh müqaviləsini bağlanmağı uzadırlar. Təbii ki, Fransanın və Rusiyanın bəzi siyasi dairələri tərəfindən bunlara təhrik olunurlar. Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan müstəqil dövlət deyil, yəni özlərinin müstəqil siyasəti yoxdur. Ona görə də onlara kənardan olan təpkilərə, təhriklərə, daxili işlərə qarışmalara heç nə deyə bilmirlər və bu da təbii ki, gələcəkdə Ermənistan üçün faciəyə səbəb olacaq".

Politoloq onu da qeyd etdi ki, Azərbaycan bu gün ermənilərin də bildiyi kimi Cənubi Qafqazın lider ölkəsidir, güclü ordusu, güclü beşinci nəsil hərbi texnikası var:

"Azərbaycan Ermənistanın hər hansı bir hücumuna qarşı layiqli cavab verib və verə biləcək. Ermənistan əgər bizə qarşı hər hansı bir şey etsə, Ermənistanın gələcəkdə dövlət olaraq qalması da şübhə altına alınacaq. Çünki əgər Ermənistan bu dəfə də bizə qarşı hər hansı bir hərəkət etsə, müharibə etsə, biz məcbur olacağıq ki, öz əzəli torpaqlarımız olan, orda bizim babalarımız, əcdadlarımız yaşayan torpaqları da, Sovet hakimiyyəti qurulan illərdə əsassız olaraq verilmiş torpaqları da geri alaq. Azərbaycan Demokratik Respublikasının varisi kimi Azərbaycan öz torpaqlarını 114 000 kvadrat kilometr ərazisini bərpa edəcək və Ermənistan da əvvəlki 9000 kvadrat kilometrdə qalacaq. Yəni bunların silahlandırılmasının başqa bir səbəbi yoxdur. Çünki bu gün təkcə Ermənistandakı ermənilər yox, dünyadakı ermənilər, Amerikadakı, Fransadakı erməni lobbiləri, erməni diaspor komitələri çalışırlar ki, Ermənistan yenidən Qarabağ torpaqlarına sahiblənsin və bunun üçün də onlar lazım olan hər şeyi edirlər. Ancaq bu da, necə deyərlər, heç cür alınan məsələ deyil. Çünki Azərbaycan xalqı öz torpağının bir qarışını belə kimsəyə verməyəcək. Buna görə də onların silahlandırılması məhz Ermənistanın özünə ziyan olacaq".

Həmidə İBRAHİMLİ