"Azərbaycana qarşı Hindistan və İranla işləmək Ermənistanın marağındadır" - Vardan Voskanyan
Hindistan rəsmi olaraq bəyan edib ki, İranın Pakistan daxilində Ceyş əl-Ədl terror qruplaşmasına qarşı raket və pilotsuz təyyarə zərbələrinə rəğbət bəsləyir, çünki terrorçulara qarşı sıfır dözümlülük olmalıdır.
Redaktor.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə erməni iranşünas alim Vardan Voskanyan yazır.
“Bu zərbələrdən əvvəl Hindistanın xarici işlər nazirinin İrana səfəri zamanı Hindistanın Şimal-Cənub nəqliyyat qovşağının mühüm komponenti olan İranın Çabahar limanının infrastrukturunun genişləndirilməsi məsələsinin müzakirə olunmasına diqqət edək.
İranyönlü Yəmən husilərinin Qırmızı dənizdən yüklərin daşınmasını həqiqətən məhdudlaşdırdıqları bir şəraitdə Hindistanın Şimal-Cənub bölgəsi daha da cəlbedici və dünya üçün aktuallaşıb. İranın “Çabahar”ının rəqibi isə Pakistanın “Qvadarı”dır, ona görə də İranın zərbəsi çoxtərəfli geosiyasi xarakter daşıyır.
İranın zərbələrinin çox aydın və dərin mesajı var: Qırmızı dəniz təhlükəlidir, Pakistan qeyri-sabitdir və öz ərazisində terrorçulara sığınacaq verən dövlətdir, ona görə də Hindistandan başlayaraq İrandan keçən Şimal-Cənub marşrutu ən qısa və təhlükəsiz Hindistan yarımadasını Avropa ilə birləşdirən marşrut olacaq.
Turan “Orta Dəhlizi” də bu proqrama ziddir və onun Ermənistan ərazisindən keçməklə həyata keçirilməsi Hindistan və İranın maraqlarından irəli gəlmir, ona görə də Hindistanın Ermənistanı silahlandırması heç də təsadüfi deyil.
Buna görə Şimal-Cənub layihəsinin iştirakçısına çevrilmək və Hindistanın düşməni ilə müttəfiq olan Azərbaycana qarşı iki Asiya nəhəngi ilə ciddi işləmək Ermənistanın maraqlarına uyğundur", - deyə iranşünas yazıb.
NƏRGİZ