"Almaniya Fransanın, ABŞ-nin yanında sönük qalmamaq üçün Ermənistana yardımlar edir"
"Bu gün Almaniyanın Ukraynaya yardımı əslində gözlənilən səviyyədə deyil. Çünki həm analitiklər, həm də Almaniyadan olan ekspertlərin özləri də etiraf edirdilər ki, Ukraynaya verilən yardımın həcmi aşağı səviyyədədir və bunu artırmaq lazımdır. Amma biz görürük ki, Almaniyadakı müəyyən dairələr bu məsələdə vahid konsensusa gələ bilmirlər. Onlar həm Rusiyanın açıq müdaxiləsindən çəkinirlər, qorxurlar, həm də eyni zamanda Rusiya ilə həyata keçirilən "Şimal axını 2" layihəsinin gələcəyindən ciddi formada narahatlıq keçirirlər".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Almaniyanın Rusiyaya qarşı yeni cəbhə açmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, hələ də Almaniyanın Ukraynaya dəstəyində konseptual azalmalar yoxdur:
"Amma açıq etiraf etmək lazımdır ki, Ukrayna Almaniyanın hazırda etdiyi yardımlardan o qədər də razı deyil. Eyni zamanda bu gün Almaniyanın Ermənistana yardımlarının arxasında da mən Fransa amilinin olduğunu düşünürəm. Çünki Fransa Almaniya da daxil olmaqla Avropa İttifaqına daxil olan ölkələrin bir çoxunu bu prosesdə sabotajçı və təxribatçı qismində cəlb edərək vəziyyəti gərginləşdirməyə çalışır. Əslində bu gün Ermənistanın hansısa yardıma ehtiyacı yoxdur. Sadəcə olaraq Almaniya Fransanın, ABŞ-nin yanında sönük qalmamaq üçün və həm də eyni zamanda Avropa İttifaqı Mülki Müşahidə missiyası adı altında Ermənistan ərazilərinin hərraca çıxarılması prosesinə özünün "minnətdarlıq" duyğusunu göndərmək üçün Almaniya Ermənistana yardımlar edir. Əlbəttə ki, bu, Almaniya-Rusiya münasibətlərində də soyuqlaşmağa səbəb olacaq. Çünki Rusiya Ermənistan ərazilərində onun əleyhinə qurulan təhlükəli oyunların fərqindədir. Amma Almaniyanın Ukraynaya, Ermənistana yardımları hansısa bir Üçüncü Dünya savaşının səbəbi və qayəsi ola bilməz".
Həmidə İBRAHİMLİ