"Fransaya cavab adekvat olmalıdır, digər ölkələr də bu prosesə qoşulsunlar"

 17:00 18.01.2024     438

"Fransanın Azərbaycana qarşı etdiyi hərəkətlər qəbuledilməzdir. Diplomatiya tarixində, ümumiyyətlə bu günə qədər belə bir hadisə olmayıb ki,  iki dövlət arasında yaxşı münasibətlər olduğu halda, üçüncü dövlətə görə digər iki dövlət arasındakı münasibətlər bu qədər kəskinləşsin. Fransa bu gün Ermənistandan çox erməni dövləti kimi davranır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

Onun sözlərinə görə,  bu, hər şeydən öncə Avropa qitəsində yerləşən Fransanın Avropa tərəfdaşları tərəfindən qınanmalıdır ki, nəyə görə üzvü olduğu Avropa İttifaqının beynəlxalq münasibətlər sistemindəki imicinə belə zərbə vurur:

"Ona görə də mən düşünürəm ki, Fransa Senatında olmayan hadisələr haqqında alınan qərar Fransa Senatının nə qədər qeyri-ciddi davrandığını göstərir. Mən düşünürəm ki, cavab adekvat olmalıdır. Azərbaycan müstəqil dövlətdir. Bu gün Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunan məsələlər tamamilə haqlıdır. Biz nail olmalıyıq ki, Cənubi Qafqaz regionunda sülhdən yana olan, mövqeyi sülhlə bağlı olan digər ölkələr də bu prosesə qoşulsunlar və Fransanın bu mövqeyini qınasınlar. Çünki nəticə etibarilə Fransanın davranışları Ermənistan və Azərbaycan arasında sülhə qarşı olduğu qədər, bütövlükdə Qafqazda sülhə qarşı olan mövqedir. Fransa bunu unutmamalıdır. Ona görə də imkan daxilində heç şübhəsiz ki, müxtəlif bənzər addımların atılması, Fransa şirkətlərinə qarşı müxtəlif qərarların qəbul edilməsi bu günün zərurəti kimi və Fransa siyasətinə adekvat bir qərar kimi ortaya çıxıb. Mən düşünürəm ki, Azərbaycan hökuməti Milli Məclisin bu qətnaməsini, bu mövqeyini nəzərə alacaqdır".

Həmidə İBRAHİMLİ