"Genişmiqyaslı müharibənin olması qlobal hal ala bilər, çünki Pakistanın əlində nüvə silahı var"

 17:35 18.01.2024     307

Xəbər verdiyimiz kimi, yanvarın 16-sı İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Hadisə zamanı 2 uşaq həlak olub, daha 3-ü isə yaralanıb. Zərbələrin ardınca Pakistan İrana nota verib, daha sonra İrandakı səfirini geri çağırıb. Pakistanın İrana raket hücumu nəticəsində isə 9 nəfər həyatını itirib.

Pakistan İranla münasibətlərin kəskinləşməsi fonunda ordusunu hazır vəziyyətə gətirib.

İki qonşu ölkə arasında yaranan bu gərginlik böyük müharibəyə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Pakistanla İran arasında ciddi, böyük miqyaslı müharibə ehtimalı yoxdur:

"Düzdür, İran bunu edib, Pakistan tərəfi açıqlama verdi, bildirdi ki, biz İranı vurmaq hüququnu özümüzdə saxlayırıq. Amma hələ vurmuruq. Bu əslində işarədir ki, əgər İran bir az da artıq hərəkət edərsə, biz onu istənilən vaxt vura bilərik. Pakistan nüvə dövlətidir, Pakistanın belə təxribata çəkilməsi həm İranın daxilindən qaynaqlanan bir məsələ kimi qiymətləndirilə bilər, həm də beynəlxalq güclərin bura təzyiq elementi kimi dəyərləndirilə bilər.

Amma burada bir məsələ də var. Müharibə geniş miqyaslı ola bilərmi? Mən ona əmin deyiləm. Çünki genişmiqyaslı müharibənin olması artıq qlobal hal ala bilər. Çünki Pakistanın əlində nüvə silahı var və Çin də həm Pakistan, həm də İranla yaxşı münasibətlərə malik ölkədir. Çinin nə Pakistan, nə də İranın onun əlindən çıxmasına şərait yaradacağına inanmıram. Yəni baş verə biləcək istənilən qarşıdurmada ən böyük ziyanı Çin investisiyası görə bilər. Ona görə də məncə bu məsələyə imkan verməyəcəklər və məqsəd burda təbii ki, Avropanın və Qərbin əsas marağı var ki, vəziyyəti qarışdırsın. Mən düşünürəm ki, hər nə qədər çalışsalar da, yəni o dərəcədə rahatlıqla bölgəni qarışdıra bilməzlər", - deyə politoloq qeyd etdi.

Həmidə İBRAHİMLİ