"Azərbaycandan pul qazanan fransız şirkətlərinin fəaliyyətinə qadağa qoymalıyıq"
"Fransa parlamentinin qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası yoxdur. Çox təəssüflər olsun ki, Fransa qərəzli mövqeyi sərgiləyir və Ermənistandan çox Ermənistan mövqeyi ortaya qoyur və Cənubi Qafqazda sülhün əldə olunmasına açıq formada maneçilik törədir. Biz hər zaman fransız xalqıyla münasibətlərimizin yaxşı olmasına səy göstərmişik. Hər zaman Fransa-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə töhfə vermişik. Ancaq çox təəssüflər olsun ki, xüsusilə də Makron hökuməti hazırda Azərbaycan əleyhinə açıq şəkildə mübarizə aparır, mövqe ortaya qoyurlar. Dəfələrlə Azərbaycan əleyhinə, həm BMT-də və digər beynəlxalq təşkilatlarda, qətnamələrin və sənədlərin qəbul edilməsinə səylər göstərilib".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
Onun sözlərinə görə, artıq əlləri beynəlxalq təşkilatlarda bu cür qərarların qəbul etdirilməsinə çatmadığı üçün və yaxud da o qərarlarla, əldə edilmiş o nəticələrlə qane olmadıqları üçün yekun olaraq Fransa parlamentində də belə bir qətnamənin qəbul edilməsinə nail oldular:
"Ancaq bir daha qeyd edirəm ki, nəticə etibarilə bu nə Azərbaycan üçün, nə Cənubi Qafqaz üçün, nə də Ermənistan üçün heç də faydalı bir sənəd deyil. Mən düşünürəm ki, zaman gələcək Makron hökuməti dəyişəcək və Fransa siyasətində bu yanlışlıqlar düzələcəkdir. Ancaq buna baxmayaraq, bizə qarşı aparılan bu qərəzli münasibətə də mütləq adekvat cavab verməliyik. Fransanın Azərbaycana qarşı bu cür qərəzli mövqeyi davam etdiriləcəyi təqdirdə biz çalışmalıyıq ki, Azərbaycanda fəaliyyət göstərən və Azərbaycandan xeyir qazanan, pul qazanan, vəsait qazanan fransız şirkətlərinin də fəaliyyətinə qadağa qoyaq, çünki faktiki olaraq bu münasibətlərin inkişaf etdirilməsinə Fransa maraqlı deyil. Mən düşünürəm ki, bu şirkətlər də müəyyən dərəcədə fəaliyyətinə məhdudiyyətlər qoyulacağı təqdirdə artıq anlayacaqlar ki, biz də onlara qarşı nələrisə edə bilirik. Ancaq bir daha qeyd edirəm, zaman gələcək ki, Makron hökuməti hakimiyyətdən getdikdən sonra əsl demokratiya carçıları olan və həqiqətən də dünyada sülhü təbliğ edən və Fransanın tarixinə nəzər yetirdikdə bəşəri dəyərlərə hörmət edən siyasətçilər hakimiyyətə gələcəkdir və onlar Azərbaycan- Fransa münasibətlərinin yenidən yaxşılaşmasına maraqlı olacaqlar. Və mən inanıram ki, gec-tez bu səhvlər düzələcəkdir və zaman gəldikdə Azərbaycan-Fransa münasibətləri yenidən yaxşılaşacaqdır".
Həmidə İBRAHİMLİ