"O, hakimiyyətdən getməyənədək bu siyasət davam edəcək" - Deputat
"Fransa Senatının qəbul etdiyi qətnamə açıq şəkildə göstərir ki, bu ölkə Azərbaycana qarşı düşmənçilik siyasəti aparır. Düşmənçilik siyasətinin başında dayanan prezident Emmanuel Makrondur".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən deyib.
Onun sözlərinə görə, o, hakimiyyətdən getməyənədək bu siyasət davam edəcək:
"Senatın qəbul etdiyi qətnamə bir daha təsdiq edir ki, Fransa terroru, terrorçuluğu himayə edən dövlətdir. Bununla özü də əslində terrorçu dövlətdir. Bu qətnamə ilə Fransa separatizmi qızışdırır, Cənubi Qafqazda nifaqı artırır və bu yolla regiona gəlmək istəyir. Hesab edirəm ki, Fransanın bu addımı onun öz əleyhinə yönələcək. Biz Fransasız yaşaya bilərik. Fransanın Azərbaycanda böyük iqtisadi maraqları var, şirkətləri fəaliyyət göstərir. Azərbaycana qarşı hər hansı bir sanksiya tətbiq olunarsa, bundan ən çox ziyan çəkən Fransa olacaq. O zaman Fransa şirkətləri də fəaliyyətlərinə son vermiş olacaqlar".
Həmidə İBRAHİMLİ