"Rusiya Ermənistana mesaj verir ki, çox da Qərbə arxalanmayın" - Politoloq

 17:34 19.01.2024     581

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vaxtı uzanır. İstər Qərb, istərsə də Rusiyanın təklif etdiyi vasitəçilik səyləri bu günə qədər nəticə verməyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün verdiyi açıqlamada bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazırdır. 

“İrəvanın buna nə dərəcədə hazır olduğu məlum deyil”, - o əlavə edib.

Mövzu barədə Redaktor.az-a danışan politoloq Tural Əliyevin sözlərinə görə, burada yeganə həqiqət odur ki, 2020-ci il imzalanan üçtərəfli bəyanat Rusiya vasitəsilə olub.

Onun sözlərinə görə, sonrakı Moskva, Soçi görüşlərində də Rusiyanın birbaşa iştirakı olub:

"Yeganə olaraq Qərb platformasında, Praqada bəyanat qəbul edilib. O da ki, ərazi bütövlüyü məsələsidir. Azərbaycan tamamilə Rusiyanı istəyir fikri düzgün yanaşma deyil. Azərbaycan üçün fərq etməz, hansı platforma olsun. Əsas odur ki, orada təsbit olunan maddələr Azərbaycanın maraqlarına uyğun olsun, ərazi bütövlüyü məsələsindən tutmuş delimitasiya ilə bağlı məsələyə qədər. Amma Rusiya daha çox Moskvada baş tutmasını istəyir. Çünki Rusiyanın bölgəyə birbaşa təsiri və Rusiyanın bu konfliktdə vasitəçiliyini bir daha sübut etmək üçündür. Bu baxımdan Rusiya Moskvada imzalanmasını istəyir. Ancaq konkret “Azərbaycan yalnız Moskvanı istəyir” demək bir balaca, diplomatik cəhətdən desək, yəni o qədər də Azərbaycan üçün məqbul sayılır. Ancaq bu o demək deyil ki, Azərbaycan yalnız Moskvanı istəyir. Xeyr, Azərbaycan üçün lazım olan əsas faktor sülh, təsbit olunan maddələr Azərbaycanın maraqlarını təmin etsin və xidmət etsin. Bir də ki, burada həm də Rusiyanın mesajı Ermənistana hesablanıb ki, yəni siz çox Qərb platformalarına ümid etməyin, bel bağlamayın. Rusiya istənilən platformada baş tutan görüşləri tanımaya bilər. Bu baxımdan Ermənistana mesaj verir ki, çox da Qərbə meyillənməyin".

Həmidə İBRAHİMLİ