"Müttəfiq dövlətlərimizdən xahiş etməliyik ki, fəaliyyəti gücləndirsinlər" - Diplomat

 14:46 22.01.2024     363

Azərbaycan Xarici İşləri Nazirliyi "X" sosial şəbəkəsində mina xəritələri ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunur ki, hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.

"Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb", - paylaşımda qeyd edilib.

Bəs, Azərbaycan Ermənistandan mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün nə etməlidir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan diplomat Fikrət Sadıxov bildirdi ki, bunu Ermənistandan tələb etməklə yanaşı, biz beynəlxalq təşkilatlara müraciət etməliyik.

"Bu məsələni daim gündəmdə saxlamalıyıq. Hadisədən-hadisəyə yox, mütəmadi şəkildə bu məsələ ilə bağlı bizdə iş aparılmalıdır. Ola bilsin ki, mexanizm də yaransın, təbliğat təsisatı olsun. Bəzi aparıcı ölkələr Ermənistana köməklik edirlər. Ola bilsin ki, bəzilərinin xəbərləri yoxdur, digərlərinin xəbərləri var, qəsdən edirlər. Amma biz bu fəaliyyətimizi gücləndirməliyik. Eyni zamanda bizim digər qonşu müttəfiq dövlətlərimizdən də xahiş etməliyik ki, onlar da güclü şəkildə fəaliyyəti gücləndirsinlər. Onlar da müxtəlif meydançalarda, beynəlxalq təşkilatlarda ikitərəfli, çoxtərəfli görüşlərdə bu məsələni qaldırsınlar və bizə müəyyən dərəcədə köməklik etsinlər", - deyə politoloq qeyd etdi.

Həmidə İBRAHİMLİ