"Bu dairələr İran, Rusiya və Türkiyə arasında gərginliyin olmağını istəyir" - Politoloq

 18:18 22.01.2024     325

"İran və Rusiya prezidentlərinin Türkiyəyə səfərləri regional kontekstdə mühüm əhəmiyyətə malikdir. Daha əvvəl də bir neçə dəfə ya İranda, ya Türkiyədə, ya da Rusiyada hər üç ölkə başçısının görüşmələrinə şahidlik etmişik. Əslində Azərbaycan və Türkiyə prezidentlərinin təşviq etdiyi 3+3 platforması nəzdində bu üç ölkə rəhbərinin görüşlərinin mütəmadi keçirilməsinin bizim üçün çox vacib əhəmiyyəti var. Bu baxımdan mən hesab edirəm ki, bu görüşlər mütəmadi olaraq davam edə bilər və əlbəttə ki, görüşlərin belə bu şəkildə davam etməsi Azərbaycanın da iqtisadi baxımdan bölgə üçün önəmli layihələrini təqdim etməyi ilə nəticələnir".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Rusiya və İran prezidentlərinin Türkiyəyə səfərini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, hər halda Türkiyənin olduğu görüşlərdə Azərbaycanın da mövqeləri izah edilir:

"Bu səfərlərdə, əlbəttə ki, Qərb ciddi şəkildə narahat olur ki, Qərb imperializmi hansısa bir bölgəsəl birliyin yaranmasını istəmir. Ona görə də, iki ölkə arasındakı münasibətlərdə və həmçinin bütövlükdə təkcə Azərbaycan-Türkiyə kontekstində deyil, Azərbaycan-Türkiyə-Rusiya-İran üçün müxtəlif növ regional layihələrin müzakirəsində, hansısa bir layihələrlə bağlı ortaq addımların atılmasında maraqlı olmayan qüvvələr var. Xüsusilə Amerika Birləşmiş Ştatları və həmçinin Fransadakı müəyyən lobbi dairələri İran, Rusiya və Türkiyə arasında gərginliyin olmağını istəyir. Çünki bölgədə böyük coğrafi və siyasi gücə malik olan ölkələrin hansısa əməkdaşlığı Qərb imperializmi üçün qəbuledilməzdir. Ona görə də təəssüf ki, Qərb imperialistləri müxtəlif təxribatlar edəndə bu cür nəticələr ortaya çıxır və öz narazılıqlarını hansısa formada ifadə edirlər. Amma hər halda mən sonuncu Türkiyə görüşünün çox məhsuldar olacağını düşünürəm".

Həmidə İBRAHİMLİ