İrəvan minalarla bağlı yeni məlumatları Bakıya ötürə bilər - Mirzoyan

 16:21 23.01.2024     297

"İrəvan mümkün minalarla bağlı yeni məlumatların Bakıya ötürülməsini istisna etmir. Amma bu baş verərsə, bu, yalnız beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə olacaq".

Redaktor.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

"Məndə olan məlumata görə, Ermənistanın müvafiq dövlət qurumları mümkün yeni minalarla bağlı yeni məlumatların əldə edilməsi üzərində işləyir. Və mən istisna etmirəm ki, hər iki tərəfdə etimadın yaradılması istiqamətində konstruktiv yanaşmalar və addımlar olarsa, biz onları yenidən onlara ötürəcəyik. Mən hesab edirəm ki, bu, beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir”, - Mirzoyan bildirib.

Onun sözlərinə görə, İrəvan iki dəfə minalanmış xəritələri Bakıya təhvil verib, lakin daim Azərbaycan tərəfdən onların qeyri-dəqiq olması ilə bağlı ittihamlar eşidir: "Bu arada, 90-cı illərdən bu ərazilərdə Azərbaycan tərəfi tərəfindən minalar quraşdırılıb".

Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan 2023-cü ilin aprelində İrəvanın bütün minalanmış xəritələri Bakıya təhvil verdiyini bildirmişdi.

Turan İSMAYIL