"İstəyirlər onların dediyi ilə oturub-duraq" - Vahid Əhmədov

 17:47 23.01.2024     383

"Bunlar, ümumiyyətlə, Azərbaycanın dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etmək istəmirlər. Xüsusilə də biz torpaqları işğaldan azad edəndən sonra heç cür onunla razılaşmaq istəmirlər. Torpaqlarımız 30 il idi ki,  işğalda idi, onları işğaldan azad etmişik. Bunu başa düşməlidirlər. Fransa özü faktiki olaraq neçə koloniyanı əsarətində saxlayıb. Ümumiyyətlə, Fransanın son vaxtlar Azərbaycana qarşı qəbul etdiyi qətnamələr var, Almaniyanı da özünə dəstək götürüb bu işlərlə məşğul olmaq istəyirlər. Amma onların bir əhəmiyyəti olan deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə əlaqələri kifayət qədər yüksəkdir:

"İxrac-idxal əməliyyatları var. Burada digər siyasi məsələlər var. Yenə deyirəm, əsas odur ki, istəyirlər onların dediyi ilə oturub-duraq. Müstəqil dövlətdir, başçısı müstəqil siyasət aparır, Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövqeyini həmişə ön plana çəkib. Ona görə xoşlarına gəlmir.  Gah Fransa, gah da Hindistan tərəfindən Ermənistanı silahlandırırlar. Nə etmək istəyirlər, özləri də bilmirlər. Elə bilirlər ki, bununla Azərbaycanı qorxutmaq istəyirlər. Faktiki olaraq qeyri-qanuni işlərdir. Avropa ömür boyu ikili standartlarla işləyib. Dövlət başçısı sülh sazişinin imzalanmasına nə qədər cəhd göstərsə də, ona da imkan vermirlər. Ermənistan bu məsələləri özü oturub fikirləşməlidir. Avropa Şurasının atdığı addımlar bu məsələlərlə əlaqədardır. İkincisi də prezidenti seçkiləri ilə bağlıdır. Dövlət başçısı 7 fevrala seçki təyin etdi. Seçkiyə hələ 1 il vaxt var idi. Ona görə təyin etdik ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Müstəqilliyimizin 30 ilində biz heç vaxt ərazi bütövlüyü çərçivəsində heç bir seçki keçirtməmişik. Ona görə də bunlar istədiyini ala bilmirlər. İstədiklərinə nail ola bilmirlər. Ona görə də belə addımlar atırlar. Amma bunların heç bir əhəmiyyəti yoxdur".

Həmidə İBRAHİMLİ