"O çıxışa bir daha qulaq assalar daha dəqiq anlayarlar ki..." - Deputatdan AÇIQLAMA

 22:53 24.01.2024     385

"Ümumiyyətlə, Cənubi Qafqazda hazırda mövcud olan Ermənistan Respublikasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Çox təəssüflər olsun ki, sovet respublikası qurulduqdan sonra sovetlərin tərkibinə daxil olan o vaxtki həm Azərbaycan, həm Ermənistan, həm Gürcüstan və digər dövlətlərin sərhədlərində çox böyük dəyişikliklər baş verib. Və xüsusilə də ən böyük ərazi itkisilə məhz Azərbaycan üzləşdi. Zəngəzur, daha sonra digər Azərbaycan sərhədlərində olan bir çox ərazilər çox təəssüflər olsun ki, Ermənistana verilib. Yəni, əslində 9000 kvadrat kilometrə yaxın olan bir ərazi qısa bir müddətdə 29000 kvadrat kilometrə çatdırılıb. Yəni Azərbaycan torpaqları hesabına onsuz da bu respublika yaradılıb, əraziləri böyüdülüb. Xəritədə görünür ki, Naxçıvan və Azərbaycan əraziləri bir-birindən ayrı düşüb".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "Ermənistan dəhlizin bir hissəsi ilə bağlı nə 9 noyabr sənədinə, nə də digərlərinə görə heç bir öhdəlik götürməyib" fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarını da nəzərdən keçirsək görərik ki, Naxçıvanla kommunikasiyalarının bərpası, yəni Zəngəzur dəhlizinin işə düşməsi öhdəlik olaraq Ermənistan tərəfinin üzərinə qoyur və Ermənistan da bu öhdəliyi qəbul edir.

"Bu baxımdan da mən düşünürəm ki, Zəngəzur dəhliz şəklində, yəni heç bir nəzarət mexanizmi həyata keçirilmədən, Zəngilanla Naxçıvanı birləşdirən dəmir yolu, avtomobil yolu xətləri işə düşmədən digər kommunikasiyaların işə düşməsindən söhbət belə gedə bilməz. Azərbaycanın Prezidenti cənab İlham Əliyev öz sonuncu açıqlamalarından birində bu məsələyə ətraflı toxunub. Mən düşünürəm ki, o çıxışa bir daha qulaq assalar daha dəqiq anlayarlar ki, bizim istəyimiz nədir və bu istək həqiqətən də reallaşmalıdır. Bu istək deyil, demək olar ki, ermənilərin götürdüyü öhdəlikdir. Bununla yanaşı nəzərə almalıyıq ki, Azərbaycan heç bir zaman heç bir dövlətə qarşı ərazi iddiası ilə çıxış etməyib. Bunu edən Ermənistandır və Ermənistan bu səhvini düzəltməlidir. Azərbaycanlıların rahat hərəkət etməsini və Naxçıvan-Azərbaycan arasındakı əlaqələrin yaradılmasını təmin etməlidir. Bu olacağı təqdirdə, yəni mən düşünürəm ki, onlar da Naxçıvan vasitəsilə Azərbaycana, Azərbaycandan da Rusiya və digər ərazilərə rahatlıqla hərəkət edə biləcəklər və yük daşımaları, sərnişin daşımalarını reallaşdıra biləcəklər".

Deputat təəssüflə bildirdi ki, sülh danışıqlarında müəyyən razılıqlar əldə olunduğu bir ərəfədə Ermənistan tərəfi müxtəlif təxribat xarakterli açıqlamalar verirlər.

"Onlar daha çox daxili auditoriya üçün bu açıqlamaları verirlər. Həmçinin də havadarlarını müəyyən dərəcədə sakitləşdirmək üçün, onların yanında daha çox etibar qazanmaq üçün bu cür açıqlamalarla çıxış edirlər. Amma istənilən halda mən düşünürəm ki, Azərbaycanın irəli sürdüyü və tələb etdiyi bütün şərtlər mütləq yerinə yetirilməlidir. Çünki birinci növbədə Azərbaycan beynəlxalq hüquq və konvensiyalara söykənir, beynəlxalq hüquq çərçivəsində bu istəklərini səsləndirir və tələb edir. Eyni zamanda da mən düşünürəm ki, Azərbaycan qalib ölkə olduğu üçün Ermənistan anlamalıdır ki, Azərbaycanın şərtləri mütləq reallaşdırılmalıdır, həyata keçirilməlidir. Əks təqdirdə, Ermənistan hər ötən gün daha da zəifləyəcəkdir və Ermənistan onsuz da olmayan müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qala bilər. Bu baxımdan da mən düşünürəm ki, mütləq biz Naxçıvanla Zəngilanı birləşdirəcək Zəngəzur dəhlizinin işə düşməsini reallaşdırmalıyıq və bunun üçün də Azərbaycan  mərhələli şəkildə öz üzərinə düşən öhdəlikləri görür. Ermənistan da gec-tez bu reallığı dərk edərək Azərbaycanın tələb etdiyi formada bu dəhlizin işə düşməsinə razılıq verəcək", - deyə N.Həmzəyev vurğuladı.

Həmidə İBRAHİMLİ