Zahid Oruc sərhədlərin açılması ilə bağlı öz planlarını açıqlayıb
Prezidentliyə namizəd Zahid Oruc 24 yanvar 2024-cü il tarixində Bakı şəhərinin Binəqədi rayonunda seçicilərlə görüş keçirib.
Zahid Orucun vəkili Əziz Əlibəyli görüşü giriş nitqi ilə açaraq tədbir iştirakçılarına soyuq hava şəraitinə baxmayaraq dövlətimiz və xalqımız üçün bu qədər vacib siyasi prosesdə iştirak etdikləri üçün təşəkkür edib və sözü Zahid Oruca verib.
Zahid Oruc öncə fəaliyyəti haqqında qısa məlumat verərək özünü “xalqın adamı” adlandırıb. O, 2024-cü ildə dünyada 78 ölkədə ümumilikdə 83 seçki prosesinin baş tutacağını və bunlardan 24-nün son 3 ay ərzində qərara alındığını diqqətə çatdıraraq, dünyada yaşanan qlobal hadisələr fonunda dövlətçiliyimizin xarici təhlükələrdən qorunması və milli maraqlarımızın hifz edilməsi baxımından 7 fevral seçkilərinin əhəmiyyətini izah edib. O, 300 il ərzində yalnız itkilərlə üzləşən xalqımızın nəhayət ki, qalib gəldiyini və 21-ci əsrin tək qalib xalqı olduğunu qürurla səsləndirərək, xalqımıza da bu qürur hissini daima ürəklərində daşımağı təlqin edib. Zahid Oruc dövlətimizə qarşı həyata keçirilən işğalçılıq siyasəti ilə mübarizə aparmaq və qalib gəlmək üçün indiyədək 36 milyard dollar vəsait xərcləndiyini diqqətə çatdıran Zahid Oruc, bundan sonra sosial-iqtisadi məsələlərin, regional quruculuq işlərinin və s. həllinə diqqətin yönələcəyini bildirib və bu əsnada öz 24 səhifəlik platformasında dövləti və xalqı narahat edən bütün məsələlərin əhatə olunduğu, müvafiq həll yollarının öz əksini tapdığını seçicilərin diqqətinə çatdırıb.
Zahid Oruc qeyd edib ki, II Dünya müharibəsindən sonra dağıntıların aradan qaldırılması və bərpa-quruculuq işləri 20-ci əsrin 70-ci illərinədək davam etmişdi. Bu gün biz 2020-ci ildən sonra aparılan bərpa-quruculuq işlərinin sürəti ilə qürur duyuruq. Lakin bununla yanaşı, rayonların əhalisinin böyük səviyyədə Bakıda təmərküzləşməsi və paytaxtın bu qədər yüklənməsi də qəbuledilməzdir və Zahid Oruc, öz platformasında əhalinin rayonlara geri qaytarılması, rayonlarda yeni iş yerlərinin yaradılması, yerli istehsalın artırılması, əhalinin rifah halının yüksəldilməsi, əmək haqları və pensiyalarla bağlı yeni tənzimləmələr, sərhədlərin açılması ilə bağlı öz planlarını açıqlayıb.
Zahid Oruc qeyd edib ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 36%-i kənd yerlərində yaşayır və bu gün onların böyük əksəriyyəti işsizdir və bu işsizliyin aradan qaldırılması, 4246 kəndimizin hər birinin iqtisadi fəaliyyət imkanlarının yaradılması üçün planlarının olduğunu bəyan edib. Bununla yanaşı, Bakının üzərinə düşən yükün bir qisminin Sumqayıt və Gəncə kimi böyük şəhərlər tərəfindən götürülməsinin yetərsiz olduğunu qeyd edən namizəd, seçilərsə ölkəmizdə 7 əsas böyük şəhər quruculuğuna diqqət yönəldəcəyini vurğulayıb. O, həmçinin insanların iş qabiliyyətinə töhfə, körpələrimizin inkişafına dəstək məqsədilə ölkəmizdə bağçaların sayının artırılması gərəkdiyinə diqqəti yönəldərək, bu istiqamətdə tədbirlər görəcəyini bildirib.
Zahid Oruc, seçicilərə görüşdə iştirakına görə bir daha təşəkkürünü bildirərək, ölkənin gələcəyinin aydın və işıqlı olduğuna inandığını, seçicilərin də buna inanmasını istədiyini bildirib.