"AŞPA istəyir ki, Azərbaycan güclü dövlət olmasın"
"Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin qeyri-müəyyən müddətə dayandırılması məcburi addımdır. Bunun başlıca təqsirkarı Avropa Şurası Parlament Assambleyasıdır. Bu qurum 1949-cu ildə yaradılarkən elan etdiyi dəyərləri ayaq altına atıb. Təşkilatda ikili standartlar, islamafobiya hökm sürür".
Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı dayandırmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı düşmən münasibətin bəlli səbəbi var:
"Avropada bəziləri belə hesab edirlər ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, Laçında, Həkəri çayının üstündə sərhəddə keçid buraxılış məntəqəsi qurması və lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyini bərpa etməsi təkcə işğalçı Ermənistan üzərində qazanılan qələbə deyildir. Eyni zamanda, Ermənistanı müdafiə edən həmin dövlətlərin də məğlubiyyətidir. Belə düşünürlər ki, müsəlman ölkəsi olan Azərbaycanın Ermənistan üzərində qələbəsi İslam dünyasına bir nümunə verir, onların özgüvənini artırır. Başlıca səbəblərdən biri də Avropa Şurası Parlament Assambleyası istəyir ki, Azərbaycan güclü dövlət olmasın, onların dediyi ilə oturub-dursun.
Digər səbəb, bu təşkilatda belə hesab edirlər ki, Azərbaycan qonşuları olan Rusiya və İranla düşmən münasibətlərdə olmalıdır və bəzi Avropa dövlətləri regionda “parçala, hökm sür” siyasətini həyata keçirməlidirlər. Avropa Şurası Parlament Assambleyasında yaranmış bu vəziyyətin bütün günahı həmin təşkilatdadır. İtirən Avropa Şurası Parlament Assambleyası olacaq. Çünki dövlətlərin suverenliyi ayrı-ayrı təşkilatların fövqündədir. Dövlətlər olmasa, o təşkilatlar da fəaliyyət göstərməzlər. Təşkilat tam Avropa ideyasını həyata keçirmək istəyir. Amma soruşulur: Azərbaycan olmadan, Avropanın bir dövlətinin iştirakı olmadan o ideyanı necə həyata keçirmək olar? Düşünürəm ki, yaranmış böhrandan ən çox ziyanı Avropa Şurası çəkəcək. Bu gün Avropa Şurası, Azərbaycan ictimai rəyində tamamilə özünü gözdən düşürüb".
Həmidə İBRAHİMLİ