"Bizimlə kim güc dilində danışırsa, biz də güc dilində danışacağıq"

 17:00 25.01.2024     477

"Avropa Şurasına daxil olan ölkələr üzrə deputatlar həmişə bizə qarşı qərəzli münasibət göstəriblər. Bu, indinin məsələsi deyil. Bizim 30 il torpaqlarımız işğal altında qaldı, 30 il içərisində bir normal sənəd ortaya qoyulmadı ki, erməni qəsbkarları bizim torpaqlarımızdan çıxsınlar. İndi Azərbaycan ərazi bütövlüyünü təmin edib, öz suverenliyini təmin edib və bu, bir çox ölkələri qıcıqlandırır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı dayandırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, açıq şəkildə Almaniyadan olan deputatlar, Almaniyanın hətta xarici işlər naziri, digər ölkələr Azərbaycanın bu qələbəsini qəbul edə bilmirlər:

"Özlərindən neoirqçilik, türkçülüyə qarşı açıq mövqedən çıxış edirlər və bunlar fundamental beynəlxalq hüquqları nəzərə almırlar, həyasızcasına Azərbaycanın əleyhinə işlər aparırlar. Bunlar hətta bu istiqamətdə təşkilatlanıblar da. Ancaq bu bizi yolumuzdan döndərməməlidir. Biz prezident seçkilərinə hazırlaşırıq. Biz öz prezidentimizi seçəcəyik. Biz öz yolumuzla davam edəcəyik. Yəni bizimlə kim güc dilində danışırsa, biz də güc dilində danışacağıq. Azərbaycan qədər dünyada sülhün bərqərar olunmasının tərəfdarı olan ikinci ölkə yoxdur. Azərbaycan uzun illər öz torpaqlarının sülh yolu ilə azad olunmasının tərəfdarı olub. Cənab Prezidentin bütün tezislərinə fikir verin. BMT-nin qətnamələri havada qaldı. Avropa Şurası, ATƏT-in Minsk qrupu, hamısı bu məsələdə açıq-aşkar ölkəmizin əleyhinə işlər apardılar. Mən düşünürəm ki, bizim deputatların bəyanatı haqlı bəyanatdır, bizim deputatların bəyanatı digər tərəfdən özümüzün təsdiqidir. Özümüzün təsdiqidir ki, biz heç vaxt haqsızlıqla, ərazimizin işğalının tərəfdarı olanların mövqeyi ilə heç zaman barışmayacağıq. Düşünürəm ki, növbəti mərhələlərdə biz bütün sahələrdə daha böyük inkişafa nail olmaqla,  düşmənlərimizə özümüzün necə güclü dövlət olduğumuzu göstərəcəyik".

Həmidə İBRAHİMLİ