"İran istədiyini Ankaradan ala bildi, İranın həmin müddəada öz inadı görünür" - Politoloq
"İbrahim Rəisinin Türkiyəyə səfərində iki ölkənin mənafeyinə, əməkdaşlığın inkişafına dair bir sıra geniş aspektdə məsələlər müzakirə olunub. Burada hərbi məsələlər istisna olmaqla, iqtisadi-ticarət məsələləri, regional, yəni Yaxın və Orta Şərq, eləcə də Cənubi Qafqaz məsələsi, Türkiyə-İran münasibətlərində problemlər, Türkiyə-İran münasibətlərində iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələlərə yanaşılıb. Vacib məsələlərdən biri antiterror mübarizəsini hər iki tərəf qəbul edir və bu istiqamətdə terrorun bütün variantlarına qarşı mübarizə aparacaqlarını bildirirlər".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran Prezidenti İbrahim Rəisinin Ankaraya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, tərəflər su ehtiyatlarından ortaq mənbələri olan sulardan qarşılıqlı, faydalı şəkildə istifadə etməyə razılaşıblar:
"İranı maraqlandıran, İran üçün daha vacib olan əsas məsələ Yaxın Şərqdəki bir sıra dövlətlərin terrorçu kimi tanıdığı Hizbullah, HƏMAS və Husi ilə bağlı Türkiyənin mövqeyini öyrənməkdir. Türkiyə lideri Ərdoğan HƏMAS-ı terrorçu təşkilat saymadı, onu milli azadlıq hərəkatı saydığını elan edib. Eləcə də Rusiyaya qarşı sərt açıqlama vermir. Amma bununla belə, İran tərəfi bunu rəsmiləşdirmək istəyib və bu istəyinə də nail olub. Türkiyə ilə İran arasında ortaq birgə bəyanatda bu məsələ vurğulanıb. HƏMAS məsələsinin vurğulanması da açıq aşkar İsrailin regiondakı tutduğu mövqe hər iki tərəfdən tənqid olunub. İranı maraqlandıran başlıca ikinci məsələ iqtisadi-ticarət əlaqəsidir və Türkiyə ilə bu istiqamətdə də ciddi razılıq əldə olunub. Tərəflər 10 müqavilə imzalayıblar və birgə bəyanat imzalayıblar".
Politoloqun fikrincə, Rəisinin Türkiyəyə səfəri İran üçün daha çox vacib idi:
"Çünki İran Yaxın Şərqdə İsrail məsələsi ilə bağlı HƏMAS-ı dəstəkləməkdə tək qalmış kimi görünür və bu məsələdə rəsmi Ankaranın mövqeyi İran üçün çox vacib idi. Ona görə də istədiyini Ankaradan ala bildi. Türkiyə ilə İran hakimiyyətinin Yaxın və Orta Şərqdəki proseslərə, hadisələrə, eləcə də Güney Qafqazdakı bir sıra məsələlərə ortaq münasibəti çox azdır. Bununla belə, müəyyən anlaşmalarda razılığa gəlib. Bundan başqa, İran Türkiyəyə qarşı olan terrorçu PKK qruplaşmasını uzun illər dəstəkləyib. Amma son illərdə PKK-dan gördüyü zərbədən sonra İran tərəfi də PKK-ya qarşı sərt mövqe nümayiş etdirir. Bu mövqe də həmin birgə bəyanatda öz əksini tapıb. Hesab edirəm ki, bu görüşün də üstünlüklərindən biri həmin terrorun bütün növünə qarşı birgə mübarizədir. Orada nəzərdə tutulan müddəaların İran tərəfinin axıra qədər həyata keçirib keçirməməsi hələ ki, müzakirə mövzusu deyil. Amma bununla belə, İran tərəfi üzərinə öhdəlik götürüb.
Eyni zamanda əvvəllər də olduğu kimi yenə də Cənubi Qafqazda ərazi bütövlüyü məsələsini vurğulanıb və bu ərazi bütövlüyü məsələsində də İran tərəfi yenə də bəzi ciddi məqamları nəzərə almayıb. Çünki Cənubi Qafqazda ərazi məsələsi əsasən Azərbaycanla Ermənistan arasında həll edilməmiş qalır. Daha doğrusu sıfırdır. Həll edilmədiyi halda, İrandan Cənubi Qafqazda ərazi bütövlüyü məsələsini müdafiə edirik bəyanatını vermək məncə məntiqli görünmür.
Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməlidir. Bundan sonra bu ərazinin bütövlüyündən danışmaq olar. Bir obyekt yoxdursa onun bütövlüyündən necə danışmaq olar? Ona görə birgə bəyanatda bu vurğulanıb, amma vurğulansa belə məntiqli saymıram. İranın həmin müddəada öz inadı görünür. Birgə bəyanat o vaxt qüvvəyə minəcək ki, onu İranın ali rəhbəri ayətulla Seyid Əli Xamənei imzalayacaq. Hələ ki, bu sənədlərin heç biri imzalanmadığından ona görə kağızda olan bir anlaşma kimi təəssüratı bağışlayır".
Həmidə İBRAHİMLİ