Samvel Babayan inkar edir
Bir müddətdir ki, erməni mətbuatı və sosial şəbəkələrində Samvel Babayanın Qarabağa qayıtmaq üçün Qarabağ sakinlərini cəlb etməsi barədə məlumatlar yayılır.
Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, Samvel Babayan bu iddiaları təkzib edib.
Məlumata görə, ona Qarabağın statusu və erməni əhalisinin qaytarılması ilə bağlı Azərbaycan tərəfi ilə birbaşa danışıqlar aparmaq səlahiyyəti verilib.
Qarabağda Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayanın mətbuat xidməti bu barədə bəyanat yayıb:
“Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə Samvel Babayanın guya Qarabağa qayıtmaq üçün Qarabağ sakinlərini cəlb etdiyi barədə məlumatlar yayılır. Problemin həssaslığını və ictimai-siyasi dairələrin bundan qazanc əldə etmək istəyini nəzərə alaraq bildiririk ki, Samvel Babayan nə təkbaşına, nə də birgə belə işlə məşğul deyil.
Əvəzində o, Dağlıq Qarabağın statusu və erməni əhalisinin geri qaytarılmasına dair hərtərəfli yanaşmaları "Respublika"nın nümayəndəlik orqanının və hökumətinin müzakirəsinə təqdim edib. Bu yanaşmalara uyğun olaraq, ona Dağlıq Qarabağın statusu və erməni əhalisinin qaytarılması ilə bağlı Azərbaycan tərəfi ilə birbaşa danışıqlar aparmaq səlahiyyətinin verilməsi ilə bağlı müvafiq işçi qrupunun yaradılması təklif edilib.
Samvel Babayan həmçinin Qarabağ sakinlərinin siyahılarının tərtibi ilə məşğul olan qrupların biznes fəaliyyəti haqqında məlumatlara malikdir. Bununla əlaqədar, o, hüquq-mühafizə orqanlarını bu istiqamətdə müvafiq işlər görməyə çağırır”, - bəyanatda deyilir.
Qeyd edək ki, ötən gün mediada Qarabağ ermənilərinin öz vətənlərinə qaytarılması məqsədilə yaradılmış komissiyanın bəyanatı dərc olunmuşdu. Komissiyanın işini Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan koordinasiya edəcək.
NƏRGİZ