"Pensiya yaşı yenidən tənzimlənməlidir" - Zahid Oruc

 16:49 26.01.2024     353

Prezidentliyə namizəd Zahid Oruc təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai rayonunda seçicilərlə görüş keçirib.

Redaktor.az xəbər verir ki, görüş böyük maraqla qarşılanıb, seçicilər bir sıra məsələlərə dair problemləri qabardıblar.

Namizəd isə fikirlərini əsasən bu istiqamətlər üzrə sıralayıb:

“- Qələbə sonrası Azərbaycanda problemlərin həllinə yeni yanaşma tətbiq edilməlidir.

- Pensiya yaşı yenidən tənzimlənməli və özəl pensiya kapitalı fondları yaradılmalıdır.

- Ünvanlı sosial yardımların əhatə dairəsinə aid olan uşaqlar üçün ödənilən müavinətlərin yeni qaydada nizamlaması vacibdir.

- Bakı və ətraf ərazilərin sosial-iqtisadi yükü azaldılmalı, regionlarda böyük şəhərlər strategiyası icra olunmaqla həyat səviyyəsi artırılmalı, kəndlərin yenidən inkişafı təmin edilməlidir”.

Qeyd olunub ki, 7 fevral seçkiləri bütün hallarda siyasi proseslərin tərkib hissəsi kimi vətəndaşlarımızın yaxşı yaşamasına aparan bir yoldur. Bu qalib gələcəyə aparan yol bizə imkan verməlidir ki, bütün problemlərimizi həll edək, çünki Qarabağ probleminin həlli bizim üçün, Azərbaycan insanının potensialının reallaşdırılması üçün böyük imkanlar yaratdı.

Kampaniya zamanı o da məlum oldu ki, görüş iştirakçılarının əksər hissəsi sığorta siyasəti barədə lazımi qədər məlumatlı deyil və bu xidmətdən effektiv faydalanmaqda çətinlik çəkirlər.

Zahid Oruc vətəndaşların diqqətinə çatdırdı ki, hökumətin təqdim etdiyi sosial xidmətlərdən hər kəsin istifadə hüququ var və əhalinin bu xidmətlərdən düzgün qaydada yararlanması üçün daha çox şərait yaradılmalı, bunun üçün gərəkli mexanizmlər gücləndirilməlidir.

Redaktor.az

222