Ermənistan Azərbaycanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir - Paşinyan AÇIQLADI
Ermənistan hakimiyyəti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün dənizaltı kabelin çəkilməsi layihəsində maraqlıdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Regionumuz Cənub və Şimal, Qərb və Şərq arasında çox vacib bir yola çevrilə bilər. Bütün bunlarda, bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı verildikdə, inklüzivlik çox vacibdir.
Bunun bariz nümunəsi Ermənistanın böyük maraq göstərdiyi Qara dəniz kabel layihəsidir” - Paşinyan bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Tiflisdə iqtisadi hökumətlərarası komissiyanın iclasının yekunlarına dair birgə brifinqdə bildirib.
Qaribaşvili öz növbəsində “regional əhəmiyyətli layihələr” üzərində işləməyin vacibliyini qeyd edib və Ermənistanın sualtı elektrik kabeli layihəsində maraqlı olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bu ilin iyununda Bolqarıstan layihəyə qoşulmaq niyyətini açıqlayıb. Kabelin quraşdırılmasının üç-dörd il çəkəcəyi gözlənilir.
Turan İSMAYIL