Elə buna görə də fransızlar təpəsinə yumurta çırpırlar

 08:12 29.01.2024     248

XX-XXI əsrlərin nəhəng filosofu, dünyanın qəbul etdiyi ciddi intellektual fiqur, Frankfurt məktəbinin tanınmış nümayəndəsi Yurgen Habermasın “Ah, Avropa” kitabını oxumaq lazımdır. Habermasın Ah, Avropa kədərli konstatasiyası Avropa dövlətlərinin mövcud siyasi “elitası”na ünvanlanan müraciətdir. Və bu həqiqətə söykənir. Böyük filosof yazır: “Siyasi Birlik əhalinin başı üzərindən formalaşmış və indiyə qədər “elita” adlandırılanların layihəsi kimi qalır. Və demokratiyanın defisiti və qanunvericiliyin bürokratik xarakteri şəraitində fəaliyyət göstərir.”

Habermas yazır ki, Avropa əhalisinin böyük hissəsi (68%)Avropa Birliyini dəstəkləmir və onun konstitusiyasının demokratik şəraitdə qəbul olunmasını istəyirlər. Habermasa görə “maneçilik əhalidən gəlmir, hökumətlərdən gəlir”. O, fikrinə davam edir: “Avropa milli məsələlərlə həvəslə məşğul olmaqla dəyərlərini get-gedə itirir”. Bu da çox ciddi məsələdir.

Böyük filosof Avropa Birliyinin köklü problemlərini sadlamaqla çox mühüm məqamlara toxunur:

1-ci problem - ciddi ittiham xaralkterlidir. “Avropa Dövlətləri - Avropa Birliyinin üzvləri demokratik birlik prosesində demokratik substansiyanı (“mahiyyət”-E. Ə.) itiriblər. ” O, bunu “demokratik defisit” adlandırır.

2-ci problem - Həmrəy şəkildə birləşən Avropa Dövlətləri Amerikaya qarşı durmağı bacarmalıdırlar. Amerika Birləşmiş Ştatları İrakla müharibədə fikrindən daşındırılmalı idi.

3-cü problem - Avropa Birliyi “ləyaqətli insanın” sosial standartalarını formalaşdırıb həyata keçirə bilmədi. Bu prosesdə birlik digər ölkələrə “dünya təsərrüfat fəaliyyətində subyektlər arasında ədalətli tarazlığın” təmin olunmasına örnək olmalı idi.

4-cü problem - "bu, cəmiyyətin daxili həyatında mədəni plüralizmin fundamentalist yönümdə ağırlaşmasıdır”. Paris hadisələri və Avropa şəhərlərinin immiqrantlar məhəllələrində baş verənləri yada salmaq olar. Habermasın qaldırdığı bu problem indi öz çılpaqlığı ilə daha aydın görünür.

Filosof dünyaya səs salan bu məşhur kitabında maraqlı nəticəyə gəlir: “Bu və buna bənəzər problemlər avroskeptiklərə şövqlə bir məsələni təsdiqləməyə əsas verir: “nəyəsə uyğun, yaxud nəyinsə xatirinə Avropa Birləşmiş Ştatları yaranmayacaq və heç vaxt Vahid Avropa Xalqı olmayacaq”.

Hər cümləsini bütün dünyanın izlədiyi Habermasın əsas anlayışlarından biri “demokratik defisit” anlayışıdır. Onun uzaqgörənliyi təsdiqini tapdı.

Avropa İttifaqının və Avropa Şurasının ölkəmizə qarşı qərəzli həm də məkrli mövqeyi intellekt defisiti ilə bağlıdır. Vaxtilə filosofları eşidərdilər. Yeni nəsil Avropa siyasətçiləri indi onları eşitmirlər. Makron Böyük filosof Pol Rikörün köməkçisi olub. Lakin ondan heç nə götürməyib. Elə buna görə də fransızlar təpəsinə yumurta çırpırlar. Jozep Borrel milliyətcə ispandır. Ondan soruşmaq lazimdır ki, ispanların peyğəmbər adlandırdıqları Miqel de Unamunodan nəsə oxuyubmu?

Müasir rus postmodernist yazıçısı Viktor Yerofeyev yazır: “Avropanın əsas bəlası əsla iqtisadiyyat deyil: Əsas bəla odur ki, bu böyük layihə artıq başa çatır. Səbəbi fikir adamlarını bürokratların əvəz etməsidir.”

Elə bürokratların və avroskeptiklərin “demokratik defisit” şəraitində çıxardığı qətnamələr kağız parçasından başqa bir şey deyil...

Etibar ƏLİYEV,

deputat