"AŞPA kimi korrupsioner, ədalətsiz təşkilatda qalmağa ehtiyac yoxdur" - Deputat

 15:31 29.01.2024     403

"Azərbaycan öz haqlarını qorumaq üçün bu addımı atıb. AŞPA-dakı fəaliyyətini Azərbaycan nümayəndə heyəti dayandırıb. Əslində Azərbaycanın bu mövqeyi AŞPA-nın nizamnaməsinə də uyğundur. AŞPA-nın nizamnaməsində qeyd olunur ki, bu təşkilat hüquqları, azadlıqları və ədaləti müdafiə edəcəkdir. Ancaq AŞPA-nın davranışından göründüyü kimi, Azərbaycana münasibətdə bu prinsiplər gözlənilməyib və tam əksinə, AŞPA Azərbaycan xalqının milli iradəsi üzərində bir iradə qurmağa çalışıb. Ona görə də Azərbaycan xalqının seçdiyi millət vəkilləri AŞPA-nın bu imperialist mövqeyindən Azərbaycana qarşı yayınmaq üçün o  qərarı qəbul edib".

Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əlaqəsini dayandırdıqdan sonra münasibətlərin necə olacağını şərh edərkən deyib.

Onun sözlərinə görə, bundan sonrakı münasibətlərə gəldikdə, AŞPA ilə münasibətlər hələ Avropa ilə münasibətlər demək deyil:

"AŞPA sadəcə burada bir institusional qurumdur və çox təəssüf ki, ikili standartlarla məşğul olur. AŞPA-nın deputatları bu vaxta qədər bir sıra ölkələrdən rüşvət almaqla AŞPA-nın reputasiyasına onsuz da çox böyük zərbə vurublar. Onlar ayrı-ayrı ölkələrdə lobbi təşkilatlarından rüşvət alaraq insan hüquqlarına, ədalətə zidd olaraq həmin lobbistlərin mövqeyini müdafiə ediblər və bu gün də AŞPA-nın bir çox deputatı, millət vəkili hələ də qanun qarşısında cavab verir. Məhkəmə işi hələ yekunlaşmayıb. Yaxşı olar ki, AŞPA bu məsələlərlə məşğul olsun. Göründüyü kimi, belə bir korrupsioner, ədalətsiz təşkilatda qalmağa o qədər də ehtiyac yoxdur. Şübhəsiz ki, əgər Azərbaycana qarşı qərəzli mövqeyindən AŞPA daşınarsa, əməkdaşlıq yenidən bərpa oluna bilər. Ancaq Avropanın digər institutları ilə Azərbaycan bərabər hüquqlu tərəfdaş kimi münasibətlərini davam etdirir və bundan sonra daha da inkişaf etdirəcəkdir".

Həmidə İBRAHİMLİ