Zahid Orucun platforması Binə sakinlərinin dəstəyini qazandı - FOTO
Prezidentliyə namizəd Zahid Oruc təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 yanvar 2024-cü il tarixində Bakı şəhərinin Binə qəsəbəsində seçicilərlə görüş keçirib.
Redaktor.az xəbər verir ki, Prezidentliyə namizədin vəkili Əziz Əlibəyli görüşü giriş nitqi ilə açaraq 7 fevral seçkilərinin tarixi-siyasi əhəmiyyətindən qısaca bəhs edib və daha sonra sözü Zahid Oruca verib.
2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 130 min insanın qayıdacağını bildirən Zahid Oruc, artıq Azərbaycanın digər bölgələrinə də geri qayıtmaq lazım olduğunu diqqətə çatdırıb. Zahid oruc ümid etdiyini bildirib ki, Azərbaycan xalqı öz Zəfər salnaməsini ədəbiyyatda, incəsənətdə, memarlıqda, ictimai, sosial, siyasi, iqtisadi həyatın bütün sferalarında yaşadacaq. Prezidentliyə namizəd qeyd edib ki, Azərbaycan insanı 300 illik məğlubiyyətlərdən sonra ilk dəfədir ki, milli təqviminə qələbə tarixi əlavə edib və bu, böyük qürurverici hadisədir. Zahid Oruc Qafqazın təlatümlü tarixini və canlı siyasi mühitini nəzərə alaraq, bu coğrafiyada yaşayanların mütləq hərbi gücün artırılmasına, Qafqaz insanlarının isə qol gücünə ehtiyacının olduğunu vurğulayıb. Qeyd edib ki, xüsusilə, dünyada artan xaos, Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələri, İran-Pakistan arasında hərbi toqquşma və digər münaqişələrin fonunda güc faktoruna sahib olmaq düşmənləri çəkindirən amil olaraq mühüm əhəmiyyət daşıyır. Prezidentliyə namizəd həm də öz platforması barədə - Azərbaycanın gələcəyini necə gördüyü ətrafında seçicilərə məlumat verib. O, Azərbaycan dövlətinin 7 fevral tarixindən sonra insanlarla daha da yaxşı işləməli olduğunu, keçmişin neqativ amillərinin, xüsusilə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı və s. bu kimi halların yeni dövlət idarəçiliyində mövcudluğunun aradan qaldırılmasına gərək olduğunu bildirib. Zahid Oruc bu məqsədlə məhkəmə islahlatlarına ehtiyac olduğunu vurğulayıb və öz platformasında bu istiqamətə diqqət ayırdığını qeyd edib. O, həmçinin mülkiyyətin toxunulmazlığını müqəddəs adlandırıb. Prezidentliyə namizəd iş yerlərinin artırılması, Bakının yüklənməsi probleminin həlli, kəndlərdə istehsalın artırılması və emal sənayesinin inkişaf etdirilməsi üçün xüsusi proqramlarının olduğunu qeyd edib.
Prezidentliyə namizəd Azərbaycanın aydın gələcəyinə inandığını və insanlarımızın da bu inamı qəlbində bəsləməsini arzu etdiyini bildirib. “İnam hissini bərpa edə bilsək, hər şeyi bacaracağıq” deyən prezidentliyə namizəd görüş iştirakçılarına təşəkkürünü və ən xoş arzularını ifadə edib.