Qərbin qəribə davranışı: qəzəbin səbəbi nədir?

 11:45 30.01.2024     475

2020-ci ildə 44 günlük II Qarabağ savaşında Azərbaycan parlaq qələbə əldə etdikdən sonra Qərb ölkələrinin ona qarşı davranışlarında qəribəliklər müşahidə olunmağa başladı. Xüsusilə Fransanın qəti anti-Azərbaycan fəaliyyəti onların nökərləri olan ermənilərin məyusluğunu qəbul etmədiklərini göstərirdi. Gah ayrı-ayrı siyasətçilər, gah parlament, gah prezident səviyyəsində cürbəcür bəyantlar verməyə başladılar. Hər vasitə ilə Azərbaycanın haqlı işinə kölgə salmağa, beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırdılar.

2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam təmin etdikdən sonra isə ABŞ və digər Avropa dövlətləri də onlara qoşuldu: Azərbaycana qarşı ritorika tamamilə kəskinləşdi. Bura Avropa Parlamentinin və digər institutlarının da anti-Azərbaycan bəyanatlarını əlavə edə bilərik. Hətta bu bəyanatlar Azərbaycana qarşı təhdid xarakteri almağa başladı.  Azərbaycana qarşı açıq-aşkar düşmənçilk münasibəti  müşahidə olunur. Əslində bu münasibət əvvəllər də eyni mahiyyətə malik olub – onlar heç zaman islam ölkəsi olan Azərbaycanın mənafelərini müdafiə etməyiblər, sadəcə olaraq maskalanıblar, müxtəlif adlar altında guya bizimlə əməkdaşlıq qurublar, guya Azərbaycanda hüquqi və demokratik islahatları dəstəkləyiblər, nə ediblərsə, guya ediblər. Amma heç zaman Azərbaycana qarşı səmimi olmayıblar, Azərbaycanın qarşısında duran problemləri həll edə biləcək qədər güclənməsini, onlardan asılı olmamasını istəməyiblər. ATƏT-in Minsk qrupunun 30 illik fəalliyyətsizliyi, daha doğrusu nəticəyə hədəflənməmiş fəaliyyəti buna misaldır. Tarixi təhlil etdikdə görürük ki, iqtisadi, siyasi və hərbi müstəqilliyə can atan, Qərbin təsir dairəsindən çıxmış dövlətlər daima qərb dünyasının hədəfində olublar, həmin dövlətlərə qarşı informasiya savaşı aparılıb, hərbi təhdidlər, iqtisadi sıxışdırmalar işə salınıb, hansısa qonşu dövlətlə hərbi münaqişə vəziyyəti yaradılıb, ərazisində kütləvi ixtişaşlar törədilib və s. Beynəlxalq imperializmə dünyada ağalıqlarını sürdürmək, dünyanı gəmirib topladıqları sərvət hesabına yaratdıqları üstün həyatı qorumaq üçün gələcəkdə onlara rəqib ola biləcək xalqların qanının axması lazımdır.

Azərbaycan 30 il davam edən ədalətsizliyə son qoydu, öz ərazisində beynəlxalq hüququn bərqərar olmasını təmin etdi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etdi və bunları edərkən yüksək səviyyədə humanistlik nümayiş etdirdi, dağıntılara, mülki əhalinin zərər çəkməsinə yol vermədi. II Qarabağ savaşında Azərbaycan bütün dünyaya insanlıq dərsi keçdi. Xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərə görə ermənilərə bəslədiyimiz sonsuz nifrətə, içimizdə toplanmış qəzəbə baxmayaraq biz, dünyanın gözlədiyi, xüsusən qərb dünyasına xas olan vəhşiliyi, soyqırımı adlana biləcək cinayətləri törətmədik. Ümumiyyətlə, Azərbaycan əsgərinin davranışı ermənilərin özlərini də təəccübləndirdi.  Bütün bunların müqabilində hər zaman insan haqlarından, beynəlxalq hüquqdan dəm vuran Qərb, Azərbaycana təşəkkür etmək əvəzinə, onu hədəf alıb, təhdid edir, sanksiyalar tətbiq edir, sarsaq-sarsaq bəyanatlar verir və açıqca qəzəb püskürür. Qəribə deyilmi? Təəcüblü deyilmi? Yox, əgər qərb dünyasının mahiyyətini anlamağa cəhd etsək, taxdıqları maskanın arxasına baxıb əsl sifətlərini görsək, bütün siyasətlərinin əsl niyyətini başa düşsək Azərbaycana qarşı belə siyasətin, qəzəbin təsadüfi olmadığını görərik.

Axı onlar tarix boyu bütün digər xalqlara qarşı ağır cinayətlər törətməklə məqsədlərinə çatmağı yeganə yol kimi görüblər. Amerikanın aborigen xalqlarını məhv etmiş, bütöv bir sivilizasiyanı yox etmiş Avropalıların bu günkü törəmələri də eyni əməllərlə məşğuldurlar: 20-ci əsrdə ABŞ-ın dünyanın müxtəlif bölgələrində törətdiyi savaşlar, Xirosima və Naqasaki qətliamları, hristian dünyasında cərəyan etmiş I və II dünya savaşları, SSRİ-nin Əfqanıstanı işğalı, Ermənistanda və Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, Bosniya və Hersoqovinada müsəlmanlara qarşı törədilmiş Serebrenitsa qətliamı, rus-çeçen müharibələri, İraq, Suriya əməliyyatları və son olaraq HAMAS-İsrail qarşıdurması. Bunların hamısında biz qərb dünyasının iç üzünü gördük: günahsız, silahsız insanların amansızcasına kütləvi şəkildə qətl edilməsi. Bütün bu sadaladığım münaqişələrdə insanlıq ayaqlar altına atılıb, müharibə qanunları kobudluqla pozulub.

Müasir imperializm dünyaya ağalıq siyasətini əvvəllər olduğu kimi əraziləri işğal etmək yolu ilə deyil, onlar üçün maraq kəsb edən regionlarda dövlətlər, xalqlar arasında münaqişələr yaradaraq, həmin münaqişəni nizamlayan qüvvə kimi əraziyə daxil olmaq yolu ilə həyata keçirir. Regional və etnik münaqişələr imperializmin dayaq nöqtələridir, regionlara və ölkələrə nüfuz edərək orada siyasi dizayn həyata keçirmək üçün bir vasitədir. Həmin münaqişələr üçün ümumi olan bir halı xüsusi qeyd etmək lazımdır: bütün münaqişələrdə xüsusi qəddarlıqlar törədilib. Sanki hansısa qüvvə bu qəddarlıqların törədilməsini təşkil edib. Normal insanın belə vəhşiliklər törətməsi heç bir məntiqə sığmır. Dinc əhalinin xüsusi vəhşiliklə öldürülməsi, qadınlara qarşı təcavüz və işgəncə əməlləri, uşaqların amansızlıqla qətl edilməsi, kütləvi qətliamlar. Elə bil kimsə münaqişəyə girmiş tərəflərin bir daha barışa bilməməsi üçün xüsusi canfəşanlıq göstərib.

Belə bir dünyada Azərbaycan adlı kiçik bir dövlət tarixdə görünməmiş presedent nümayiş etdirdi: 30 il işğal altında qalmış torpaqlarının azad olunması məsələsini dünyada analoqu olmayan tərzdə həll etdi: mülki əhalinin kütləvi qırğınına yol vermədən, ərazinin bir hissəsini döyüş yoluyla, daha böyük hissəsini isə dinc yolla azad etdi. Bax imperializm xadimlərini, qərbi qəzəbləndirən də bu oldu. Onların yüz illərlə yaratdığı düzən – məsələlərin yalnız qan tökülməsi yolu ilə həll edilməsi – pozuldu. Onların fikrincə, Azərbaycan dünya xalqlarına “pis nümunə” oldu. 2020-ci ildə 44 günlük Qarabağ savaşında ermənilərin bütün təxribatlarına, qeyri-insani əməllərinə, mülki əhalini hədəf alan terror aktlarına baxmayaraq, Dağlıq Qarabağın dinc əhalisinə qarşı tamamilə humanist davranış göstərildi. 2023-cü ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatı zamanı da Azərbaycan tərəfindən həmin humanizm prinsiplərinə tam şəkildə əməl olundu: Azərbaycan hökuməti Dağlıq Qarabağ əhalisinə bir Azərbaycan vətəndaşı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş bütün hüquqlardan istifadə etməklə öz evlərində qalıb yaşamaq imkanını yaradacağını bəyan etdi. Azərbaycanı tərk edənlərə qarşı isə heç bir repressiv əməllərə yol verilmədi, əksinə, gedənlər üçün bütün təhlükəsilik tədbirləri görüldü, insani yardımlar edildi. Bax bu davranış imperializm xadimləri və onların nökərləri üçün gözlənilməz oldu. Azərbaycan onların bütün planlarını pozdu, onların regiona soxulmaq üçün əllərinə bəhanə verilməsinin qarşısını aldı. Onların istədiyi, planladığı, səbirsizliklə gözlədiyi Azərbaycanın Dağlıq Qarabağın mülki əhalisinə qarşı cəza tədbirləri həyata keçirməsi, onlara xas olan vəhşilikləri törətməsi idi. Amma Azərbaycan onları, xüsusən də erməniləri məyus etdi, ümidlərini puça çıxardı. Ermənilər necə də arzulayırdılar Azərbaycan tərəfinin mülki əhalini cəzalandırmasını, onların Xocalıda törətdikləri vəhşiliklərin ermənilərə qarşı törətməsini. Əllərində bayraq edib, yeni bir genosid səs-küyü salmaqla dünyadakı havadarlarından yardım istəyəcəklərdi, amma Azərbaycan arzularını puç etdi. Azərbaycana qarşı qəzəbin əsl səbəbi budur. Az qalır desinlər ki, siz niyə mülki erməniləri qırmadınız, niyə qisas almadınız ki, bu gün bizim də əlimizdə sizə təzyiq etmək üçün tutarlı əsas olardı.

Bu qəzəbin açıq-aşkar partlaması Avropa Şurası Parlament Assambleyasının son iclasında baş verdi. Artıq dözə bilmədilər. Bizə qarşı ittihamların başında dayanan Jozef Borrelin əsl simasını nümayiş etdirən bir faktı diqqətə çatdırıram: sosial şəbəkələrdə ərəb jurnalistin onunla müsahibəsi yayılıb. Ərəb jurnalist İsrailin Qəzzədə dinc əhalini qırmasının cinayət olub-olmamsı barədə fikrini soruşduqda, Borrel “mən vəkil deyiləm” deyir. Amma 7 oktyabrdan bəri HAMAS-ın hərəkətlərini cinayət adlandırmaq olarmı sualına isə, “bəli” cavabı verir. O zaman ərəb jurnalist ona, bir dəqiqə əvvəl vəkil deyiləm söylədiyini xatırladır və Borrel sus-pus olur, bir kəlmə də deyə bilmir. Onun və Azərbaycana qarşı danışanların əsl siması budur. Yaxud götürək İspaniyanın tərkibində olan Kataloniya ilə bağlı yaxın keçmişdə baş verənləri: referendum keçirərək müstəqillik barədə qərar qəbul etmiş kataloniyalılar Avropa tərəfindən bütün mümkün təhdidlərə məruz qaldılar: iqtisadi sanksiyalarla, Avropa birliyindən çıxarılmaqla hədələndilər, başçıları Puçdemon həbs olundu və həmin demokratiya “carçıları” tərəfindən heç bir dəstək göstərilmədi. Hədəflərində olan bütün ölkələrdə hər cür separatizmi “xalqların öz müqəddaratını həll etmə hüququ” ilə əsaslandıraraq dəstəkləyən, qızışdıran Qərb dünyası, öz regionlarında belə bir hal baş verdikdə hamılıqla onu boğmağa başladı.

Qeyd edim ki, eyni qəzəb Türkiyəyə qarşı da nümayiş olunur. Bir neçə il bundan qabaq Türkiyə hakimiyyət orqanlarının mülki əhaliyə qarşı sərt tədbirlər görəcəyinə ümid edərək kürdlərin sıx yaşadığı bölgələrdə iğtişaşlar törətdilər. Amma alınmadı. Türkiyə hökuməti mülki əhaliyə ziyan vurmadan həmin iğtişaşları törətmək üçün əraziyə yeridilmiş terroristləri bir-bir zərərsizləşdirdi. Bu gün də bütün anti-terror əməliyyatlarının hədəfi ancaq terroristlərdir, mülki əhali deyil. Bir terroristi məhv etmək üçün bütöv məhəlləni bombardman edən, mülki insanların həyatını heç sayan ABŞ-dan, onun əlaltılarından fərqli olaraq, Azərbaycan və Türkiyə heç vaxt dinc əhalini hədəf almayıb. Bu, bizim milli və dini mənliyimizin təzahürüdür.

O ki qaldı, Qərbin qəzəblənməsinə, bir az su içsinlər. Qəzəbli başda ağıl olmaz.

Məhəmməd Məhərrəmov,

Bakı Dövlət Universiteti Fizika fakültəsinin dekan müavini,

təhlükəsizlik orqanları veteranı