"Ermənilər oynamaqla məşğuldurlar, vaxt udurlar ki, yenə də silahlansınlar" - Vahid Əhmədov

 14:45 30.01.2024     340

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan hakimiyyəti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün dənizaltı kabelin çəkilməsi layihəsində maraqlıdır.

“Regionumuz Cənub və Şimal, Qərb və Şərq arasında çox vacib bir yola çevrilə bilər. Bütün bunlarda, bütün dövlətlərə iqtisadi layihələrdə iştirak etmək imkanı verildikdə, inklüzivlik çox vacibdir. Bunun bariz nümunəsi Ermənistanın böyük maraq göstərdiyi Qara dəniz kabel layihəsidir” - Paşinyan bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Tiflisdə iqtisadi hökumətlərarası komissiyanın iclasının yekunlarına dair birgə brifinqdə bildirib.

Maraqlıdır, Ermənistan hansı şəkildə bu layihəyə qoşula bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, Ermənistan indi elə bir vəziyyətdədir ki, Azərbaycanın apardığı istənilən iri layihələrdə iştirak etmək istəyir.

O qeyd etdi ki, Ermənistan bu illər ərzində bütün layihələrdən kənarda qaldı, hansı ki, faktiki olaraq milyonlarla vəsait əldə edə bilərdi və əhalisi də kifayət qədər gəlir götürə bilərdi:

"Bunu etmədi. Hətta son Zəngəzur dəhlizi ilə bağlı məsələ həllini tapmadı. Onda Azərbaycan dövlətinin başçısı qərar qəbul elədi ki, İran vasitəsilə Zəngəzur dəhlizindən Naxçıvandan Avropaya çıxarılması üçün yol çəkilir.  Yəni bunlar mütəmadi ortalığa belə məsələlər atırlar və guya ki, Azərbaycanla münasibətləri düzəltmək istəyirlər və sair. Amma konkret məsələlər, hansı ki, bu gün iki dövlət üçün əhəmiyyətlidir, o məsələlərdə mən görürəm ki, elə bir irəliləyiş yoxdur. Yəni onların havadarları imkan vermirlər ki, onlar bu irəliləyişə nail olsunlar: sülh müqaviləsinin imzalanması, ərazilərin delimitasiya, demarkasiyası, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqədar məsələlər. Onlar qeyd edir ki, guya heç bir problemləri yoxdur, amma faktiki problemləri yaradan da onlardır. Azərbaycan tərəfindən heç bir problem yoxdur. Azərbaycan istər sülh müqaviləsinin imzalanması, istər sərhədlərin delimitasiya, demarkasiyasını, istər Zəngəzur dəhlizinin Ermənistandan keçməsinə həmişə müsbət fikirlərini bildirib. Amma bunlar oynamaqla məşğuldurlar. Yenidən fikir verirsizsə, müəyyən silahlanma aparırlar. Hindistan vasitəsilə, İran vasitəsilə silahlanırlar. Bunlar hamısı mənə elə gəlir ki, müəyyən oyunlardır, müəyyən qədər vaxt udurlar ki, yenə də silahlansınlar. Əlbəttə, bunlar hamısı boş şeylərdir. Mümkün olan şey deyil. Qarabağ artıq həll olunub, Qarabağ Azərbaycandır! Orada müəyyən hüquq-mühafizə orqanları, sərhəd xidməti, ordumuz fəaliyyət göstərir. Ona görə də onlar nə qədər tez ayılsalar, tez başa düşsələr, onlar üçün bir o qədər yaxşı olar".

Həmidə İBRAHİMLİ