"Sülh sazişi barədə razılığın əldə olunması ehtimalı çox böyükdür" - Tofiq Zülfüqarov

 17:51 30.01.2024     311

Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda verdiyi açıqlamada deyib ki, Azərbaycandakı seçkilərdən sonra sülh prosesi sürətlənəcək.

"Ümidvaram ki, Azərbaycanda prezident seçkilərindən sonra sülh müqaviləsini başa çatdırmaq üçün artıq razılaşdırılmış və məlum prinsiplər əsasında danışıqlar prosesi tam sürət qazanacaq", - deyə o qeyd edib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfqarov Paşinyanın bu açıqlaması ilə bağlı Redaktor.az-a bildirdi ki, bizim şərhçilər bu sülh sazişinin nədən ibarət olduğunu müxtəlif şəkildə təsəvvür edirlər.

"Mən bilmirəm, indi Paşinyan hansı versiyanı nəzərdə tutur. Çünki artıq bir neçə dəfə mətn mübadiləsi olub. Amma mən bildiyimə görə, Azərbaycan tərəfi o mövqedədir ki, bu sülh sazişində əsas prinsiplər öz əksini tapsın. Misal üçün, ərazi bütövlüyü məsələsini indiki mərhələdə tam şəkildə həll etmək mümkündür. Çünki uzun danışıqlar baş verməlidir, ya da kommunikasiyaların bərpası. Deməli, bu mövzulara aid hansısa prinsiplər qısa şəkildə, ümumi sözlərdə öz əksini tapmalıdır. Amma konkret bu mövzuların həlli üçün vaxt lazımdır. Bu digər mövzulara da aiddir. Mən bunları misal kimi gətirmişəm. Bu baxımdan sülh sazişi prinsiplərini əks etdirən sənəd Paşinyanın təklifi ilə çərçivə sülh sazişi olmalıdır. Rzılığın əldə olunmasını istisna etmirəm. İndi bilmirəm bu seçkilərdən qabaq olacaq, yoxsa sonra. Amma onun əldə olunması ehtimalı çox böyükdür", - deyə T.Zülfüqarov qeyd etdi.

Həmidə İBRAHİMLİ