"Berdan Öztürkün Azərbaycan əleyhinə səs verməsini təəccüblə qarşılamadıq" - AKP-nin deputatından eksklüziv AÇIQLAMA

 16:01 31.01.2024     532

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) son dönəmlərdə apardığı antitürk siyasəti nəticəsində Azərbaycan və Türkiyə əleyhinə 2 qətnamə qəbul edib".

Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Abdürrahim Fırat Redaktor.az-a açıqlamasında dedi.

O bildirdi ki, xüsusilə Azərbaycanın birbaşa olaraq hədəf alındığını gördük:

"Erməni yalanları ilə dolu qətnamənin qəbul edilməsi çox məyusedici bir haldır. Çünki 44 günlük Vətən müharibəsindəki zəfəri və ötən ilin 19-20 sentyabr tarixindəki lokal antiterror tədbirləri nəticəsində torpaqlarını işğaldan azad edən Azərbaycan əsassız yerə ittiham olundu. Hətta deyərdim ki, Azərbaycanın Qarabağdakı mülki erməni əhalisini qoruması və torpaqlarını işğaldan azad etməsi hədəf alındı". 

Millət vəkili qeyd etdi ki, AŞPA-da hər zaman türk düşmənçiliyi olub:

"Bunu da çox gözəl bilirik. Yəni onların bu mövqeyi yeni deyil. Ona görə də AŞPA həm Azərbaycana, həm də Türkiyəyə qarşı qərəzli mövqe nümayiş etdirir. Onu da nəzərə almaq lazımdır ki, erməni lobbisinin, eləcə də Fransanın dəstəyi ilə Avropa ölkələri Türkiyənin və Azərbaycanın daxili işlərinə qarışmağa çalışırlar". 

Deputat vurğuladı ki, Azərbaycana edilən haqsızlıq Türkiyəyə edilən haqsızlıqdır:

"Bu özünü son 2 səsvermədə çox açıq şəkildə göstərdi. Ümumiyyətlə, Azərbaycan AŞPA-nın vazkeçilməz üzvüdür. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırmasına səbəb olan qətnamələri qəbul edənlərin addımları qərəzlidir. Biz Türkiyə olaraq istənilən vəziyyətdə Azərbaycanın yanındayıq".

Abdürrahim Fırat Berdan Öztürk adlı türkiyəli deputatın AŞPA-da Azərbaycan əleyhinə səs verməsini də çox təəccüblə qarşılamadıqlarını söylədi:

"Çünki eyni vəziyyəti Türkiyə Böyük Millət Məclisində də görürük. Müəyyən siyasi partiyaların deputatları ölkəmizin gələcəyi və təhlükəsizliyi ilə bağlı məsələlərin belə əleyhinə səs verirlər. Bu da vəziyyətin ciddiliyini və onların məqsədlərini çox açıq şəkildə ortaya qoyur.

Təəssüf ki, belə qərəzli mövqelər hər zaman olacaq. Önəmli olan Azərbaycan və Türkiyənin qardaşlıq ruhu içərisində birlikdə hərəkət etməsidir. İnanıram ki, iki dövlət güc birliyi ilə bütün belə tələləri boşa çıxaracaq". 

Taleh QARTAL