"Həmin deputat terror təşkilatı ilə əlaqəsi olan siyasi partiyanın üzvüdür" - Musa Qasımlıdan sərt REAKSİYA

 15:25 01.02.2024     443

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair 15898 saylı qətnaməni təsdiqləyiblər. 76 deputat bu qərəzli qərarın lehinə, 10 deputat əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.

Qətnamənin əleyhinə Türkiyədən 9 deputat – Yıldırım Toğrul Türkeş, Zeynəb Yıldız, Pelin Yılık, Meryem Göka, Seda Gören Bölük, Sena Nur Çelik Kanat, Mehmet Akalın, Abdurrahman Babacan və Mustafa Canbey, Albaniyadan isə 1 deputat – Blerina Gilameti səs verib.

Türkiyəli deputatlar arasında Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı Berdan Öztürk isə Azərbaycan əleyhinə səs verib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, AŞPA-da  Azərbaycan əleyhinə səs verən həmin deputat terror təşkilatı ilə əlaqəsi olan siyasi partiyanın üzvüdür.

"Bu adam təkcə Azərbaycanın deyil, Türkiyənin də düşmənidir. Türkiyə ilə bağlı qərarlar qəbul ediləndə bu şəxs öz ölkəsinin əleyhinə səs verir. Ona görə belə cılız şəxslərin iyrənc hərəkətlərinin Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə kölgə salmaq gücündə olmadığı qənaətindəyəm. Həm Azərbaycanda, həm Türkiyədə belə cılız adamlar olub, amma bizim qardaşlığımızın kökləri çox dərindir. Belə "siyasətçilər" münasibətlərimizin üzərinə kölgə sala bilməz. Soyuqlaşdırmaq cəhdləri iflasa məhkumdur. Bununla belə, hər iki ölkədə media, siyasətçilər çox diqqətli olmalıdırlar. Belə adamların cavabını vaxtında verməlidirlər. Belə şəxslər həm Azərbaycanda, həm də Türkiyədə üz qarasıdırlar", - deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ