"Yolun hər iki tərəfində öküzlər var və hamımız qırmızı geyinmişik" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə konstitusiyasının dəyişdirilməsi ilə bağlı təklifi özünəməxsus şəkildə şərh edib. Bildirib ki, çoxları bunun Azərbaycanın təzyiqi ilə bağlı olduğunu iddia edirlər, lakin məsləyə başqa prizmadan yanaşmaq lazımdır.
Redaktor.az xəbər verir ki, Baş nazir bu fikri Ermənistan İctimai radiosuna müsahibəsində səsləndirib.
“İstənilən hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək? Təhlükəsizliyə xarici təhdid yaradan problemləri və məqamları müəyyən etmək lazımdır”, - deyə Paşinyan vurğulayıb.
O deyib: “Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır. Təsəvvür edin, biz eyni yol ilə gedirik, A nöqtəsindən B nöqtəsinə getməliyik. Gedib görürük ki, yolun hər iki tərəfində öküzlər var və hamımız qırmızı geyinmişik... Amma biz bu yolu getməliyik. Burada biz birlikdə müzakirə edib qərar verməliyik. Bu müzakirə müəyyən edəcək ki, biz bu yolla sona qədər gedəcəyik, ya yox? Bu qırmızı paltarları dəyişib, kənara qoyub, keçmişimizin bir parçası kimi qəbul edib, fəaliyyət göstərəcəyimiz mühitə uyğun geyinəcəyikmi? Düşünürəm ki, biz mühitə uyğun geyinməliyik”.
Paşinyan əlavə edib ki, qırmızı paltarla gediləcəyi təqdirdə, bu yolun sonu yoxdur: “Geyimimizi dəyişdiyimiz halda isə biz bu yolla gedəcəyik. Mən 100 faiz təminat verə bilərəm ki, biz bu yolla gedəcəyik. Yolu keçməyin ən realı ikinci variantdır” (Azərtac).