"Delimitasiya nə 1975-ci il xəritələrinə, nə də Alma-Ata Bəyannaməsinə görə aparılmalıdır" - Eks Baş nazir
Delimitasiya və demarkasiya prosesi nə 1975-ci il xəritələri, nə də Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır, bu proseslərin həyata keçirilməsi üçün xüsusi olaraq SSRİ ölkələri üçün işlənib hazırlanmış və qəbul edilmiş prinsiplər mövcuddur.
Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Xosrov Arutyunyan deyib.
“2017-ci ilin dekabrında ATƏT “Dövlət sərhədinin delimitasiyası və demarkasiyası: cari problemlər və onların həlli yolları” sənədini qəbul edib. Bu sənəd xüsusi olaraq postsovet məkanı ölkələrinin delimitasiyası və demarkasiyası zamanı yaranan problemlərin həlli üçün qəbul edilib. Və burada soruşmaq istərdim: onların Alma-Ata Bəyannaməsinin mövcudluğundan xəbərləri yox idimi? Bu insanlar mütəxəssislərdir, deyə bilərdilər: Alma-Ata Bəyannaməsini götürün və onu rəhbər tutun.
Amma bu edilməyib. Bu proses zamanı yaranan problemlərin həlli üçün prinsiplər müəyyən edirlər. Bu prinsiplər niyə işlənib hazırlanmışdır? Bəli, ona görə ki, onlar mükəmməl başa düşürdülər ki, SSRİ-nin dağılmasından sonra bu ərazidə ciddi geosiyasi dəyişikliklər baş verib və belə bir şəraitdə 1991-ci ilin inzibati sərhədlərinə istinad etmək onsuz da mənasızdır”, - o, “İcmal” proqramında bildirib.
NƏRGİZ