Prezidentliyə namizədlər bütün rayonlara gedə bildilərmi? - AÇIQLAMA

 17:35 05.02.2024     419

Bildiyimiz kimi, sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatır.

Təşviqat prosesi çərçivəsində seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilib, seçicilərlə görüşlər keçirilib, namizədlərə ödənişsiz efir vaxtı ayrılıb.

Maraqlıdır, prezidentliyə namizdələr respublikanın bütün ərazilərində seçicilərlə görüşlər keçirə biliblərmi?

Mövzuyla bağlı Redaktor.az-a danışan prezidentliyə namizəd, Böyük Quruluş Partiyasının (BQP) sədri, Fazil Mustafa dedi ki, bütün ərazilərdə təşviqat keçirməyə imkanları olmayıb:

"Amma hansı rayon təşkilatlarımız var, onlar əhali ilə işləyiblər. Ümumillikdə 15 görüş keçirdk, 15 görüşün 11-də mən özüm şəxsən iştirak etdim. Amma yerdə qalan 4-də mənim vəkilim Fəxrəddin Sadıqov iştirak etdi. Hətta işğaldan azad olunmuş ərazilərdə - Ağdamda və Laçında da görüşlərimiz oldu. Görüşlər uğurla keçdi, yaxşı təmaslarımız oldu. Mən təşviqat kampaniyasını daha çox ağırlıqlı sosial şəbəkə üzərindən apardım. Bütün materiallarımız orada yerləşdirildi. Demək olar ki, əhalinin internet resurslarının imkan verdiyi hüdudlarda böyük əksəriyyətə mesajlarımızı çatdıra bildik. Məncə uğurlu alına bilər, çünki bu təşviqatın mümkün imkanlarından istifadə etmişik".

Digər namizəd, Milli Cəbhə Partiyasının (MCP) sədri, Razi Nurullayev söylədi ki, respublikanın 12 rayonunda seçicilərlə görüş keçirib:

"10-dan yuxarı da səyyar görüşlər keçirdik. Bazarlarda olduq, insanların sıx toplaşdığı ərazilərdə olduq, görüşdük. Demək olar ki, bu müddət ərzində hər gün bütün imkanlardan istifadə etdik. Xüsusi qeyd etmək istəyirəm ki, bütün görüşlərə gedən zaman, seçicilərlə ünsiyyət zamanı və rayonlardakı görüşlər zamanı hər hansı bir problemlə də üzləşmədik. Təbii ki, şəraitlə bağlı müəyyən bir suallar yaranırdı, məsələn zalların soyuq olması ilə bağlı. Amma onu da deyək ki, eyni zallarda həm də hakimiyyət partiyasının nümayəndələri iclas keçirirdilər. Amma mənə elə gəlir ki, gələcəkdə ümumiyyətlə daha doğru addımlar atılsa, yaxşı olar".

Prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi Tural İsmayılov söylədi ki,  təşviqat dövründə onlar üçün ayrılmış yerlərdə görüşlər keçirilib:

"Görüşlər həm paytaxt Bakının bütün rayonlarını əhatə etdi, həm də bizə ayrılmış rayonlarda seçicilərlə görüşlərimizi keçirdik. Təşviqat dövründə bütün proses istədiyimiz kimi və planladığımız kimi baş tutdu. Əslində bizim üçün böyük bir qürurverici hadisədir ki, torpaqları işğaldan azad edilmiş, bütün ərazilərində suverenliyini bərpa etmiş Azərbaycanda belə bir tarixi seçkilərdə təmsil olunduq. Hesab edirəm ki, bu seçki bizim dövlətimiz üçün, millətimiz üçün, xalqımız üçün çox önəmli idi, çox vacib idi. 7 fevralda seçicilərin böyük fəallığının olacağını proqnozlaşdırırıq. Seçicilərlə təşviqat dövründə keçirdiyimiz görüşlərdə də bütün bunların siqnallarını almışıq. İnsanlar 7 fevralda növbədənkənar prezident seçkilərində kifayət qədər aktiv və fəal olacaqlarını vurğulayıblar".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli dedi ki, bu günə qədər ölkənin bütün iqtisadi rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz daxil olmaqla 15 görüş keçirilib:

"Təbliğat prosesini həyata keçirilməsindən hər hansı maneə ilə qarşılaşmamışıq. Mümkün imkanlar daxilində, partiyanın imkanları daxilində, mövcud qanunvericiliyin imkanları daxilində təmsil etdiyimiz namizədin təbliğatını aparmağı bacarmışıq".

Humay İSGƏNDƏRLİ