"İranda Azərbaycan türkcəsində tədris xarici siyasətimizin prioritetlərindəndir"

 15:06 06.02.2024     176

Bildiyimiz kimi, ötən gün Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində məhkəmə iclası keçirilib və prokuror ona edam cəzası istəyib. 

Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. 

Bəs, səfirliyimizdə terror törədən həmin şəxsin edam edilməsindən sonra ölkələrimiz arasında münasibətlər normallaşa və Tehrandakı səfirliyimiz yenidən fəaliyyətə başlaya bilərmi? 

Mövzu barədə Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan dedi ki, hazırda məhkəmənin edam hökmü yoxdur və edam hökmü icra olunmayıb:

"Azərbaycan bu aktı terror aktı hesab edib və Azərbaycan səfirliyi və diplomatik heyətin texniki işçilərin təhlükəsizliyinə təminat istəyib. Münasibətlərin normallaşması təkcə səfirlik məsələsi ilə deyil. Məsələn, prezident ötən il bəyan elədi ki, İranda Azərbaycan türkcəsində məktəb yoxdur. Bütün ölkələrdə, o cümlədən İranda Azərbaycan türkcəsində tədris Azərbaycan xarici siyasətinin prioritetlərindəndir. Bu, İranda təmin olunubmu? Əlbəttə, xeyr. Bu, münasibətlərə mane olan məsələlərdən biridir. Yəni təkcə bir nəfərin edam olunması məsələsi deyil. Bir nəfər edam olundu, günahkar kimi də o göstərildi, bununla proses bitmir. Günah keçisi kimi göstərildi ki, hər kəs canını qurtarsın, getsin. Belə bir şey yoxdur".

Humay İSGƏNDƏRLİ