Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı prezident seçkiləri ilə bağlı bəyanat yaydı
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral tarixli prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Redaktor.az xəbər verir ki, Bəyanatda deyilir:
“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərə yaxın nümayəndəsi müşahidəçi kimi 7 fevral prezident seçkiləri ilə əlaqədar olaraq respublika ərazisində yüzlərlə seçki dairəsi və məntəqəsində müşahidələr aparıb, seçki prosesini izləyib. Bütün bu müşahidələrin yekun nəticəsi olaraq bəyan edirik ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin müşahidə apardığı dairə və məntəqələrdə seçkilər vətəndaşların yüksək aktivliyi şəraitində keçib, heç bir pozuntu və çatışmazlıq aşkar edilməyib.
Səhər saatlarından etibarən seçki məntəqələrinə gələn vətəndaşlar heç bir kənar təsir və müdaxilə olmadan istədikləri namizədə səs verib, seçki hüquqlarından sərbəst şəkildə istifadə ediblər.
Seçici fəallığı, seçki prosesində hər hansı qanunazidd halların olmaması, habelə vətəndaşların seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirakı onu deməyə əsas verir ki, Azərbaycan Respublikasında 7 fevral tarixində keçirilən prezident seçkiləri yüksək səviyyədə təşkil edilib, böyük uğurla başa çatıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq seçkilərin uğurla başa çatması münasibətilə xalqımızı təbrik edir, seçkilərin nəticəsinin xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirik”.