"İlham Əliyevə qələbələrlə dolu hakimiyyət arzulayırıq"
Müasir Müsavat Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Redaktor.az xəbər verir ki, bəyanatda deyilir:
"7 fevral – Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan xalqının Ali Baş Komandanı, Qarabağ fatehi İlham Əliyevin namizədliyini müdafiə etmək, xalqın İlham Əliyevə verdiyi səsləri qorumaq məqsədilə Müasir Müsavat Partiyası çoxsaylı üzvlərini seçki məntəqələri və dairələri, həmçinin bütün ölkə ərazisində müşahidəçi kimi qeydiyyatdan keçirmişdir. Səsvermə günü onların hər biri ilə müntəzəm əlaqə saxlanılmış, partiyanın müxtəlif rayon təşkilatlarında yaradılan qərargahlarda seçki müşahidəçilərinin saatbasaat verdiyi məlumatlar təhlil edilmişdir.
Seçki öncəsi və səsvermə günü rayon təşkilatlarımızın verdiyi məlumatlara əsasən bəyan edirik ki, Prezident seçkiləri ilə əlaqədar bütün hazırlıq işləri yüksək keyfiyyətlə və effektiv şəkildə həyata keçirilmiş, bütün fundamental hüquq və azadlıqlar, o cümlədən sərbəst toplaşma və söz azadlığı təmin edilmiş, namizədlərə öz seçki kampaniyalarını azad və sərbəst şəkildə təşkil etmələri üçün lazımi şərait yaradılmışdır.
Seçki öncəsi və seçki günü Azərbaycan tərəfindən nümunəvi şəffaflıq və açıqlıq nümayiş etdirilmiş, seçkiləri yüz minə yaxın müşahidəçi canlı izləmiş, siyasi partiyalar, QHT-lər, namizədlər, müstəqil şəxslər müşahidəçi kimi seçki prosesində uğurla iştirak etmişdir. 1000 seçki məntəqəsində quraşdırılmış kameralar vasitəsilə onlayn müşahidə üçün şərait yaradılmış və bu şəraitin nəticəsində Prezident seçkiləri bütün dünyadan izlənmişdir. Aidiyyəti dövlət qurumları tərəfindən atılmış addımların nəticəsi olaraq, keçirilmiş seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilmiş, səsvermədəki seçici aktivliyi mühüm nailiyyət kimi dəyərləndirilmişdir.
Seçkilərin nəticəsində Azərbaycanın Prezidenti, Vətənimizə qələbələr bəxş edən böyük sərkərdə İlham Əliyev yenidən xalqımızın böyük inam və etimadını qazanmış, Azərbaycan Respublikasının növbəti 7 il müddətində prezidenti seçilmişdir. Bu xalqın, millətin qələbəsidir! Bu qələbə münasibətilə Prezident İlham Əliyevi partiyamızın adından təbrik edir, ona uzun ömür, cansağlığı və qələbələrlə dolu hakimiyyət arzulayırıq. Bu seçkini qazanan qələbəyə layiq Azərbaycan milləti və bütün dünya azərbaycanlılarıdır. Növbəti zəfərimiz mübarək olsun!"
Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.