Çayları geriyə axıtmaq mümkün olacaq

 01:37 11.02.2024     634

Türkmənçay müqaviləsinin maddələri, şərtləri bəllidir. Biz indiki halda tarixçi kimi şərh vermirik, onun siyasi qiymətləndirməsini edirik.

Türkmənçay müqaviləsi və 19-cu əsrin əvvəllərindən başlayan Rusiya-İran müharibələri sübut edir ki, Qafqaz və onun ətraf əraziləri hər zaman strateji önəm daşıyıb. Bu coğrafiya öz quruluşundan, ideologiyasından asılı olmayaraq böyük dövlətləri, o cümlədən həmin illərdə qlobal siyasəti diktə eləməyə çalışan Böyük Britaniya və başqa Avropa dövlətlərini özünə cəlb etmiş, onlar bölgədə hökmranlıq üçün müxtəlif oyunlar quraraq ardıcıl həmlələr həyata keçirmiş və regionun əsasən ticarət yollarını, dəniz limanlarını ələ almağa çalışan bir xətti izləmişlər.

Təsadüfi deyil ki, istər Orta Asiya bölgəsi, istər Əfqanıstan Rusiya, Britaniya, İran və o cümlədən Osmanlı imperiyaları arasında hələ o vaxtdan daimi savaşların meydanı olub. Təəssüflər olsun ki, bu, həm də bizim bölgədə ermənilərin bir ərazidən digərinə böyük köçü ilə, nəticə etibarilə sonrakı dövrlərdə yeni siyasi xəritələr cızılarkən bu, həm də bizim xalqın tarixi taleyinin çox ağır formada müəyyənləşdirilməsi ilə müşayiət olunurdu. Daha sadə dillə desək, bir tərəfdən insanlar öz doğma torpaqlarını tərk edirdilər, digər yandan iqtisadi yağmalamaya məruz qalırdılar, yəni var-dövlətləri, sərvətləri əllərindən çıxırdı, bu isə ondan sonra gələn nəslin digər dövlətlər, xalqlar qarşısında əliyalın qalması, iqtisadi gücün itirilməsi, buna adekvat olaraq hərbi imkanlarının da məhdudluğuyla müşayiət olunurdu. Bu proses faktiki olaraq 19-cu əsrin əvvəllərində başlasa da, eyni xəttlə 20-ci əsrin əvvəllərində də, hətta ondan sonra da fərqli miqyasda, amma nəticələri bizim üçün eyni olmaqla davam etmişdir.

Faktiki olaraq, Kürəkçay, Gülüstan və Türkmənçay prosesi türk mənşəli şəxslərin İran imperiyasına rəhbərliyi dövründə bu savaşlarda yenilməsi, Paskeviçlərin davamlı xəttlə gələn hərbi çəkmələri altında Qafqazların taleyini həll elədi. Burada gördüyümüz mənzərə ondan ibarətdir ki, Azərbaycanın şimal hissəsi bütövlükdə Dərbənd və s. daxil Rusiyanın təsiri altına düşəndən sonra burada yeni inzibati ərazi vahidlərinin, əvvəlki ənənəvi xanlıq kimi mövcud olan ərazilərin idarəetmə forması və mahiyyəti dəyişdirildikdən sonra proses Sovetlər Birliyinin yaradılmasına qədər fərqli bir xətt üzrə inkişaf etdi.

O da reallıqdır ki, Rusiya-Osmanlı arasında gedən savaşlar, xüsusilə onların 1870-ci illərdə pik həddinə çatması, ondan sonra 1920-ci il Qars döyüşləri – bütün bu savaşlar faktiki olaraq bölgənin ümumi təhlükəsizlik mühitini o qədər təhdid edib ki, bunlardan sonra bölgədə erməni dövlətinin yaradılması haqqında düşünərkən hər bir azərbaycanlı hesab edir ki, onun taleyi həmin dövrdə böyük zərbələr alıb. Yəni, tarix mənfi miras yaradıb – bayaq söylədiyimiz kimi, köçlər, iqtisadi itkilər, ən başlıcası isə Ana Vətənin coğrafiyasının getdikcə daralması. Ona görə biz indi deyə bilərik ki, bəlkə də hamı indi belə söyləyir ki, 1710-cu illərdə I Pyotrun bu regiona hərbi hücumlarından sonra burada erməni dövlətinin təsis olunması müsəlman aləmi arasında Ermənistanın timsalında xristian bufer zonasının yaradılması üçün atılan addım olub. Mən düşünürəm ki, burada ən başlıca məsələ ermənilərin o dövr ticarət sferasında ön mövqelərə olması idi ki, bu da Rusiya imperiyasına həddindən artıq gərək idi və məsələ ilk dövrdə sırf iqtisadi aspektdən qərarlaşdırılmışdı. Amma yekun olaraq biz iki əsrlik tariximizə baxanda qeyd edirik ki, bu, itkilərdir, böyük faciələr tarixidir və millətimizin öz həyatı üçün verilən qərarların, bir sıra hallarda imzalanan sənədlərin bölünmə və onun bəlli bir formada xalqın mədəni həyatında, düşüncəsində, ideologiyasında hər zaman iki hissəyə ayrılma kimi xarakterizə olunur.

Əlbəttə ki, bunun digər tərəfində açıq demək lazımdır ki, Rusiya imperiyası tərkibinə, onun ardınca Sovetlər Birliyinə alınandan sonra, yəni Cümhuriyyət quruculuğundan sonra azərbaycanlılar böyük bir inkişaf yolu keçdilər. Bunlar da tarixi həqiqətlərdir və inkaredilməzdir. Lakin yekun olaraq hesab edirik ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyinə qovuşması yenə də itkilərlə bu tarixi formasiyanın, bu tarixi keçidin bizim həyatımıza vurduğu zərbələr fonunda 2020-ci ildən sonra Azərbaycan sanki həm də tarixlə savaşıb. Həm də qeyd etdiyimiz “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay”larla mübarizə aparıb və belə demək olarsa, biz həm də tarixə qarşı geriyə torpaqların toplanması kimi bir siyasət, bir strategiya üzrə həyatımızı inşa etmişik. Ulu Öndər Heydər Əliyevlə başlayan bu xətt 2020-ci ildə İlham Əliyevin liderliyi altında aparılan savaş mahiyyətcə yalnız 20% ərazilərin deyil, ondan sonra Böyük Qayıdış, ikinci planda tarixi torpaqlara dönüş kimi xarakterizə olunan yeni milli hədəflər, yeni milli idealları gündəmə gətirdi. Bütün bunlar qətiyyən “Böyük Azərbaycan” adı ilə tanklar, toplar, “Bayrakdar”lar və raketlərlə müşayiət olunacaq bir siyasət, doktrina, yaxud dövlət kursu deyil. Millətin düşüncəsində vahidliyi bərqərar etmək üçün ədəbi, bədii, siyasi, incəsənət və s. aspektlərdə könül coğrafiyasını genişləndirmək, siyasi və könül coğrafiyasını bütövləşdirmək, onu daha da böyük areallara daşımaq kimi hədəflərə çatdırmaq üçün bir siyasətin həyata keçirilməsindən danışırıq.

Ermənistanla sülh müqaviləsi kimi yeni Türkmənçay, yaxud yeni Gülüstan müqavilələri imzalanarsa (bəllidir ki, hansı coğrafi ərazidən, hansı kənddən söhbət gedir) bu artıq millətin tarixi taleyinin milli dövləti tərəfindən müəyyən olunması hadisəsi və xalqın iradəsinin qələbəsi demək olacaqdır ki, bu, bir hədəfdir. Mən düşünürəm ki, biz bir daha ona çalışmalıyıq ki, tarixin bizim üzərimizdə qoyduğu ağır mirası dəyişdirək və elə müqavilələrə, elə sənədlərə, regiondakı elə böyük açılımlara, elə kommunikasiya və iqtisadi, digər geosiyasi arxitektura quruculuğuna gedək ki, bunlar bizim mənafelərimizi təmin eləsin. Ayrıca onu da vurğulayaq ki, indi çox müsbət haldır ki, məhz Azərbaycanın liderliyi altında bölgə dövlətlərinin toqquşması deyil, daha çox birliyi üçün fəaliyyətlər həyata keçirilməkdədir. İndi Rusiya-İran kimi tarixi düşmən olan dövlətlər Sovet dövründən bu yana öz müttəfiqliklərini qoruyurlar, indi Osmanlının varisi kimi çıxış edən Türkiyə və ümumilikdə bu üç imperiya varisləri arasında Azərbaycanın barışdırıcı mövqeyinə şahidik. Bölgənin sülh və təhlükəsizlik arxitekturasının, iqtisadi-ticari əlaqələrin inkişaf etməsi üçün addımlar atıldığını görürük və bu prosesi irəli aparmaq lazımdır. Düşünürəm ki, bizim seçkilər dövründə irəli sürdüyümüz “3+3” formatının “Qafqazda Sülh və Təhlükəsizlik Paktı” kimi bir sənədə daşınması ilə, kimin bunu necə və nə cür tənqid etməsindən asılı olmayaraq, xarici paytaxtlardan bu bölgəyə əl uzadılmasının qarşısını almaq olar və burada Gürcüstanın və Ermənistanın iradəsini yenmək də mümkündür, çünki onlar regional siyasətin əsas aktorları sayılmaz. Düşünürəm ki, burada 4, yəni Azərbaycan da daxil məlum 3 ölkənin bütövlükdə gələcək siyasəti diktə etməsi mümkündür. Belə olacağı təqdirdə adını sadaladığımız hər üç müqavilə tarixi mahiyyətini itirəcək və artıq suları, çayları geriyə axıtmaq mümkün olacaq.

Zahid ORUC,

millət vəkili