"Sərhəddəki gərginlikdə həm Avropa İttifaqının, həm də Rusiyanın marağı var" - AÇIQLAMA

 17:43 14.02.2024     620

"Əgər atəşkəs pozulaması varsa, deməli bunun arxasında ya Ermənistan özü dayanır, ya da Ermənistana dəstək verən qüvvələr".

Bunu Redaktor.az-a sərhəddəki gərginlik haqqında danışan siyasi ekspert Samir Hümbətov dedi.

O söylədi ki, indiki vaxtda baş verən atəşkəsdən sonra reaksiyanı birinci Avropa İttifaqı verdi:

"Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bununla bağlı reaksiya verdi. Deməli, dolayısı ilə Rusiyanın da marağı var. Yəni burada həm Avropa İttifaqının, həm də Rusiyanın marağı olduğunu demək mümkündür. Amma məsələ burasındadır ki, ümumilikdə son baş verən proseslər kimin xeyrinə işləyə bilər? Burada əlbəttə ki, hadisələr Qərbin xeyrinə daha çox işləyir. Ona görə də hesab edirəm ki, baş verən sərhəd toqquşması, onun nəticəsində də Borrellə Mirzoyanın görüşündə Borrelin bu məsələlərə təxribatçı fikirləri, məhz hesablanmış addım, Azərbaycana qarşı tutulan mövqedir. Məqsəd təbii ki, bölgədə mütəmadi gərginliyi saxlamaqdır. O zaman ortaya başqa bir sual çıxır. Əgər bölgədə, sərhəddə təxribat varsa, o zaman Avropa İttifaqı mülki missiyasını nə üçün bölgəyə gətirib? Müşahidə edirlərsə və görürlər ki, Ermənistan tərəfindən atılan atəş nəticəsində Azərbaycan hərbçisi yaralanıb, deməli, ya burada mülki missiya bilərəkdən şərait yaradır, yaxud da ki, nəzarət funksiyasını həyata keçirə bilmir. Bu zaman onun da fəaliyyətinə heç bir imkan və əsas yoxdur. Bu baxımdan hesab edirəm ki, Ararat Mirzoyanla Cozep Borrellin görüşündə səsləndirilən fikirlər və sərhəddə baş verən hadisələr hamısı bir-birinə əlaqəli hadisələr kimi dəyərləndirilə bilər. Təbii ki, biz bunu Azərbaycana qarşı yönəlmiş bir təxribat kimi dəyərləndirə bilərik".

Qeyd edək ki, fevralın 12-də Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribat törədib və nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri yaralanıb. Buna cavab olaraq fevralın 13-də DSX "qisas əməliyyatı" keçirib və düşmənin postu darmadağın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə ordumuzun atəşi nəticəsində 4 erməni hərbçi məhv edilib, bir hərbçi isə yaralanıb.

Humay İSGƏNDƏRLİ