İlham Əliyev Vuçiçi təbrik etdi

 11:34 15.02.2024     151

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Serbiyanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizin qətiyyətli liderliyiniz sayəsində dost Serbiya hərtərəfli inkişaf edir və böyük uğurlara imza atır. Keçən ilin sonunda ölkənizdə baş tutmuş növbədənkənar parlament seçkilərinin nəticələri Sizin həyata keçirdiyiniz ümummilli siyasətə, əzmkar fəaliyyətinizə xalqınızın dəstəyini, Sizə olan inam və etimadı bir daha bariz şəkildə təsdiq etdi.

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim.

Siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir.

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi olduqca genişdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığının böyük potensialından tam şəkildə istifadə etmək və strateji tərəfdaşlığımızı daha da gücləndirmək məqsədilə birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".