Prezidentin Ermənistanın havadarlarına xəbərdarlığı - "Bütün məsələləri özümüz həll etməyə qadirik"

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Mərasim nitqində dövlət başçısı bir sıra məsələlərə diqqət çəkib. Onlardan biri də Ermənistanın havadarlarına xəbərdarlıqdır.
Belə ki, dövlət başçısı bəyan edib ki, Ermənistanın havadarları öz işiylə məşğul olsun:
"Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”.
Prezidentin xəbərdarlığı ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən diplomat Fikrət Sadıxov dedi ki, dövlət başçımız çox düzgün və yerində fikir söyləyib:
"Artıq bu vasitəçilərlə bağlı birinci dəfə deyil fikrini söyləyir. Bütün problemlərimiz elə vasitəçilərin səbəbindən olub. 30 il Minsk qrupu ilə danışıqlar aparmışıq, 30 il ərzində torpaqlarımız işğal altında olub. Onlar məsələnin həll olunmaması və torpaqların Azərbaycana qaytarılmaması üçün əllərindən gələn hər şeyi edirdilər. Təbii ki, indi biz bu məsələni həll edəndən sonra bizə heç bir vasitəçi lazım deyil. Zaman onu da göstərdi ki, bəzi vasitəçilər Ermənistanın tərəfində idi. Onların nümayiş etdirdiyi bitərəflik faktiki olaraq yoxa çıxdı. Bu, o deməkdir ki, bütün bu məsələləri biz özümüz həll etməyə hazırıq və qadirik. O ki, qaldı onlar prezidentin xəbərdarlığından nəticə çıxaracaqlar, ya yox, onların əlbəttə ki, öz işləridir. Amma hər halda onlar bizim mövqeyimizi eşidirlər və sadəcə olaraq bu mövqeyimiz dəyişilməz olaraq qalacaq. Bunu başa düşməli və dərk etməlidirlər".
Humay İSGƏNDƏRLİ