Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

 12:45 17.02.2024     161

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə səfərə yola düşür.

İdarədən Redaktor.az-a verilən məlumata görə, səfərdə məqsəd “Sülh quruculuğu və müxtəliflik üçün Mediada körpülərin qurulması və strateji tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli panel müzakirəsində iştirak etməkdir.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin təşkilatçılığı ilə, Media Siyasəti Forumu Layihəsinin mühüm tərkib hissəsi olan bu tədbir fevralın 19-21-də Ər-Riyadda keçirilməsi planlaşdırılan “Səudiyyə Media Forumu” ilə əməkdaşlıqda baş tutur. KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü olan A.Paşazadə KAİCİİD rəsmisi olaraq tədbirin dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı fəal şəkildə təşviq edən, nifrət nitqinin qarşısını alan təşəbbüslərdə öncülük etmək məqsədini daşıyan panel müzakirəsinin açılışında çıxış edəcək.

Yüksək səviyyəli panel müzakirəsinin məqsədi media, siyasətçilər və dini liderlər arasında sülh quruculuğunun təşviqində və media məkanında müxtəlifliyin təşviqində strateji tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulamaqdır.