“Sülh müqaviləsinin bəndləri üzrə böyük irəliləyiş əldə olunub" - Papoyan

 17:35 19.02.2024     407

"Müharibə təhlükəsi həmişə mövcuddur. Biz sülh danışıqları aparırıq ki, onu neytrallaşdıraq, müharibə olmasın, beynəlxalq tərəfdaşlarla danışıqlar aparırıq, Avropa İttifaqı müşahidəçilərini dəvət edirik, iqtisadiyyatı inkişaf etdiririk, təhlükəsizlik mühitimizi gücləndiririk, ordumuzu gücləndiririk".

Redaktor.az news.am-a istinadən xəbər verir ki, bunu fevralın 19-da Ermənistan parlamentində jurnalistlərlə söhbətində Milli Assambleyanın maliyyə, kredit və büdcə məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.

“Bütün bu hərəkətlər heç bir ölkəyə qarşı yönəlməyib, onlar Ermənistanın təhlükəsizliyini qorumaq, yeni müharibənin qarşısını almaq üçün nəzərdə tutulub, çünki siz nə qədər güclüsinizsə, hücuma məruz qalma ehtimalınız bir o qədər az olar. Bu, Ermənistan üçündür”, - o bildirib.

Deputat Ermənistan-Azərbaycan danışıqlarına toxunaraq deyib: “Sülh müqaviləsinin bəndləri üzrə böyük irəliləyiş əldə olunub. Müqavilənin çox hissəsi razılaşdırıldı, yalnız bir neçə vacib məqam qaldı. Əhəmiyyətli fakt ondan ibarətdir ki, ölkələrin liderləri öz xarici işlər nazirlərinə görüş barədə göstəriş veriblər".

Deputatın sözlərinə görə, əgər sülh müqaviləsində 100 şərti bənd varsa və 99-u razılaşdırılıbsa, bu o demək deyil ki, bu 99 bənd məcburi icraya tabedir. “İmzalanana qədər, ölkələrin konstitusiya məhkəmələri onu konstitusiya kimi tanımayana qədər parlamentlər onu təsdiqləməyəcək. Azərbaycan sülh istəməsə, sazişi imzalamayacaq, əgər bunu etsə, ona əməl etməmək daha çətin olacaq”, - Papoyan yekunlaşdırıb.

Turan İSMAYIL