Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycanla bağlı AŞPA-ya müraciət etdi

 19:39 20.02.2024     275

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb.

Bununla bağlı Redaktor.az-a Azərbaycan Milli Məclisindən məlumat verilib.

Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur.

Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur.

Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.

"Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər" - deyə, gürcüstanlı deputatın məktubunda vurğulanıb.

G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır.

Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.