"Bu gün Rusiyanın NATO ilə toqquşması mümkündür" - AÇIQLAMA

 14:22 22.02.2024     277

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, NATO Ukraynada müharibəyə qoşula bilər. Onun sözlərinə görə, Alyans Kiyevə silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürmək istəyir və Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir.

Bəs, NATO-nun Rusiya Ukrayna müharibəsinə birbaşa qoşulacağı gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov bildirdi ki, NATO-nun Rusiya-Ukrayna müharibəsinə qoşulması ilə bağlı artıq mülahizələr aktuallaşıb.

Onun sözlərinə görə, bu fikirlər əslində uzun müddətdir var:

"Soyuq müharibədən sonrakı dövrdə NATO-nun Şərqə doğru genişlənməsi, xüsusilə də SSRİ-nin çöküşündən sonra bir neçə dalğalar vasitəsilə Rusiyanın sərhədlərinə doğru irəliləməsi həm də şübhəsiz ki, ziddiyyətləri, konfrantasiyanı gücləndirirdi. Bu gün Ukraynada gedən müharibə fonunda Rusiya əlbəttə ki, öz geosiyasi ambisiyalarından əl çəkmir. Əgər kimsə düşünürsə ki, Ukrayna ilə bağlı müharibə hətta bu gün həll olunsa, Rusiya ilə NATO arasında siyasi, iqtisadi, enerji müharibəsi bitəcək, bu, əlbəttə, doğru olmaz. Çünki bu mübarizə uzun illərə hesablanıb. Əgər Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Rusiyanı iqtisadi cəhətdən zəiflətməyə, Rusiyanın daxilində çaxnaşmalar və hakimiyyət əleyhinə üsyanlara hesablanmışdırsa, o baş vermədi. Əksinə, Rusiya daha çox konsolidasiya yaratdı və sanksiyalardan yayınmaq yollarını da təmin elədi. Ona görə də bu gün Rusiyanın NATO ilə toqquşması mümkündür".

Politoloq qeyd etdi ki, bu toqquşma həm də böyük dağıntılara, fəlakətlərə gətirib çıxara bilər.

"Nəzərə almaq lazımdır ki, Rusiya nüvə arsenalına malik olan ən böyük dövlətlərdən biridir və bu, nüvə müharibəsini, nüvə risklərini, taktiki nüvə silahlarının tətbiqini də özündə birləşdirə bilər. Bu, bəşəriyyət üçün böyük faciələrə gətirib çıxara bilər. Ona görə də burada daha çox danışıqlar, siyasət, diplomatiya, dinc vasitələrlə müxtəlif problemlərin həlli haqqında düşünmək lazımdır. Bunu tətbiq etmək lazımdır. Əsl siyasi praqmatizm təmin olunmalıdır. Əks halda, əlbəttə ki, söylədiyimiz kimi çox böyük və acı nəticələr meydana gələ bilər. Bir sıra fikirlər vardır ki, Rusiya daha çox Baltikyanı dövlətlərə müdaxilə edə bilər. Polşa hədəf ola bilər, amma Rusiya da bunun bədəlini, bunun nəticələrini hesablamalı və gözə almalıdır. Çünki bu, artıq bütün qırmızı cizgilərin keçilməsi anlamını verəcəkdir", - deyə İlyas Hüseynov bildirdi.

Həmidə İBRAHİMLİ