"Makron əvvəl Qarabağdan gedən ermənilərin müsahibələrinə baxsın" - Deputat

 16:29 22.02.2024     346

Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün Fransaya səfəri zamanı bu ölkənin prezidenti Emmanuel Makron Azərbaycana qarşı və Ermənistanı birtərəfli qaydada müdafiə edən iddialar səsləndirib. E.Makron iddia edib ki, guya Qarabağ erməniləri bölgəni məcburi tərk edib. O hətta deyib ki, ermənilər Qarabağa qaytarılacaq.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirdi ki, Fransa prezidentinin səsləndirdiyi bu fikirlər tamamilə cəfəngiyatdır, heç bir əsası yoxdur.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə təklif etdi ki, qanunları qəbul edən şəxslər ölkə ərazisində yaşamaqda davam edə bilərlər:

"Lakin onlar getməyə üstünlük verdilər. Gedən ermənilər yol boyunca ərzaq və su ilə təmin edildilər. Azərbaycan polisi onların ərzaq ehtiyaclarını ödədi. Bu şəxslərin sərhəddə Azərbaycan televiziyalarına verdikləri müsahibələr var. Onlar açıq şəkildə deyirlər ki, könüllü şəkildə gedirlər. Heç kim məcbur etməyib. Makron belə ucuz, uydurma fikirlər səsləndirəndə, həmin ermənilərin müsahibələrinə baxsa, dinləsə yaxşı olar. Bu məsələ birdəfəlik həll olunub, bitib. Cənab prezidentimiz İlham Əliyevin söylədiyi kimi, fevralın 7-də Xankəndidə səs verərək qutuya saldığı bülleten təkcə bülleten deyil, erməni separatizminə, erməni separatizmi tabutuna vurulan sonuncu mismar idi. Bu məsələ bitmişdir. Makronun belə fikirlərinin məqsədləri var. O, regionu yenidən gərginlik ocağına çevirməyə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına mane olmağa çalışır. Amma Fransanın istəkləri və arzuları ilə imkanları üst-üstə düşmür. Fransa regionu tərk edəcək və belə iyrənc siyasəti də iflasa uğrayacaq".

Həmidə İBRAHİMLİ