"Ermənistanı yenidən müharibəyə hazırlayırlar, Azərbaycan bunun qarşısını alacaq" - Deputatdan AÇIQLAMA

 18:01 22.02.2024     390

Xəbər verdiyimiz kimi, Fransanın müdafiə naziri Sebastyan Lekornu yaxın vaxtlarda Ermənistana səfər edəcək. Eyni zamanda ötən gün Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə birgə brifinq keçirib. Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Fransa İrəvana müdafiə silahlarının tədarükünə razılıq verib.

Fransanın Ermənistanı silahlandırması barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev dedi ki, Cənubi Qafqazda sülhün olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında gələnlərdən biri də Fransadır.

O vurğuladı ki, Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir:

"Paris Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasını istəmir. Eyni zamanda, Fransa Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını istəmir. Mövqeləri zəifləyən Rusiyanın yerini doldurmaq üçün Fransa startda gözləyir. Bu da istər-istəməz Cənubi Qafqazda sülhün baş tutmasına ən böyük maneədir. Sülhə çox yaxınlaşdığımız zamanlarda belə, Fransanın bu proseslərə daxil olmasından sonra, Makronun bu görüşlərdə iştirak etməsindən sonra uzun müddət danışıqlar prosesi tamamilə dondurulub. Hazırda heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında müəyyən görüşlər keçirilir. Ən azından sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı biz ikitərəfli görüşlərin baş tutmasının şahidi olmuşuq. Ancaq təəssüflər olsun ki, bu proseslərdə müsbət irəliləyişlərin əldə olunmasının Fransa kimi dövlətlər tərəfindən qarşısı alınır. Xüsusilə də Ermənistanın silahlandırılması və Ermənistana hərbi yardımların göstərilməsi yenidən Ermənistanı müharibəyə hazırlamaq kimi dəyərləndirilməlidir. İstənilən halda Azərbaycan bu məsələləri diqqətlə izləyir. Biz Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı da səsləndirdiyi bir fikri xüsusilə qeyd etməliyik ki, əgər Ermənistanda yenidən təhdidlər, təhlükəli addımlar cərəyan edərsə və Azərbaycan üçün təhlükə yaradılarsa, biz bunun qarşısını da alacağıq. Bilirsiniz ki, Fransa tərəfindən Ermənistana müxtəlif hərbi silah-sursatlar göndərilib. Bunlar daha çox müdafiə xarakterli və patrul məqsədilə istifadə olunacaq silah-sursat idi. Əgər bu silahlar hücum silahları ilə əvəz olunarsa və həqiqətən də Ermənistan ordusunun yenidən Azərbaycana qarşı müharibə hazırlıqlarını sezəriksə, Azərbaycan tərəfi mütləq bunun qarşısını alacaq". 

Deputat hesab edir ki, yenidən Ermənistanda faşistlərin, revanşist qüvvələrin baş qaldırmasına biz heç cür icazə verə bilmərik. 

"Azərbaycan torpaqlarına, Azərbaycana qarşı hansısa təhlükə olma ehtimalı olarsa, beynəlxalq ictimaiyyəti bu proseslərdə aktiv olmağa da Azərbaycanı mütləq çağıracaqdır. Ümid edək ki, Fransanın səsləndirdiyi və söz verdiyi bu silah yardımları yalnız Ermənistanın dağılan, məhv olan, sıradan çıxan ordusunun daxili nizam-intizamı təmin etmək məqsədilə edilmiş yardım olsun. Xsusilə də biz yaxın aylarda sülh danışıqlarında bu məsələləri daha dəqiq biləcəyik. Əgər Ermənistan yenidən danışıqlar prosesindən qaçsa, sülhün baş tutmasını istəməsə, biz əminliklə belə bir qənaətə gələcəyik ki, bu işin birbaşa sifarişçisi və təşkilatçısı Fransadır. Ancaq mən düşünürəm ki, proseslərin bu cür cərəyan etməsi nəticə etibarilə Ermənistana çox böyük zərbə vurmuş olacaq. Çünki sülhün imzalanmasının, sülh prosesinin baş tutmasının ləngiməsi hazırda birbaşa olaraq Ermənistanın əleyhinə işləyir. Xüsusilə region dövlətləri Rusiya və İran Ermənistanın Qərblə yaxınlaşmasını Ermənistana bağışlamayacaqlar", - deyə Naqif Həmzəyev bildirdi.

Humay İSGƏNDƏRLİ