"Ermənistanın NATO-ya üzvlüyü çox ciddi geosiyasi gərginliyə səbəb ola bilər" - Deputat

 17:40 23.02.2024     422

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan "France24"ə müsahibəsində ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu açıqlayıb.

Amma Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan KTMT-yə üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

Maraqlıdır, Ermənistanın KTMT-dən ayrılmasını NATO-ya gedən yol kimi dəyərləndirə bilərikmi?

Mövzu ilə bağlı Redaktro.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun sözlərinə görə, bunu artıq Paşinyan da daxil olmaqla erməni rəsmiləri davamlı şəkildə səsləndirməkdədirlər ki, Ermənistan özünə alternativ təhlükəsizlik platformaları axtarmaqdadır:

"Bunu onunla əsaslandırırlar ki, yalnız təhlükəsizlik məsələsində bir subyektə istinad etmək özünü doğrultmadı. Yəni aşkar şəkildə Rusiyanı ittiham edirlər ki, o, proseslərə müdaxilə etmədi. Paşinyan da elə "France24"ə bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2020-2021-ci illərdə öz öhdəliklərini yerinə yetirmədi və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub. Əslində bu fəaliyyəti dondurmaq hesab olunmur. Görünür, Paşinyan burada qeyri dəqiq ifadəyə yol veribdir. Sadəcə olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son dövrlərdə bir neçə tədbirində iştirak etməyib, amma bütövlükdə Ermənistanın KTMT çərçivəsində fəaliyyətinin dondurulması anlamına gəlmir. Bəlkə Paşinyan bunu deyib, əslində istəklərini, məqsədlərini ifadə edib. Onsuz da Paşinyan hələ hakimiyyətə gəlməmişdən qabaq da bildirirdi ki, KTMT Ermənistan üçün gərəkli bir platforma deyil. Paşinyanın da başlıca missiyası ondan ibarətdir ki, deməli, Rusiyanın iştirak etdiyi, Rusiyanın təşəbbüskarı olduğu platformalardan Ermənistanı uzaqlaşdırsın. Hakimiyyətə gələn kimi erməni əsilli KTMT baş katibi Xaçaturova qarşı cinayət işi başladıldı. Xaçaturov vəzifədən uzaqlaşdırıldı və sonra da qeyd etdiyim kimi, KTMT-nin tədbirlərində iştirak etmədi. Eyni sözü mahiyyət etibarilə Avrasiya İqtisadi İttifaqı haqqında da demək olar. Yəni Ermənistan o platformaya da maraq göstərmir. Burada Paşinyan onu hakimiyyətə gətirən dairələrin istəklərinə, təlimatlarına uyğun olaraq məhz həm KTMT-yə, həm də Avrasiya İqtisadi İttifaqına aşkar biganə münasibət göstərməkdədir".

Ermənistanın NATO-ya getməsi haqqında danışan millət vəkili bildirdi ki, Paşinyan özünü o istiqamətdə meylli kimi göstərə bilər:

"KTMT-də Ermənistanın fəaliyyətini dondurduğunu deyən Paşinyan hökuməti NATO ilə 2024-cü ildə təlimlərdə iştirak edir. Yəni bu gün Ermənistan NATO ilə daha sıx əməkdaşlıq edir, KTMT ilə əməkdaşlığı demək olar ki, sıfıra yaxınlaşır. Reallıq bundan ibarətdir. Amma sabah Ermənistan NATO-nun üzvü olacaqmı? Mən buna inanmıram. Çünki Cənubi Qafqaz olduqca həssas bir regiondur və bu, çox ciddi geosiyasi gərginliyə səbəb ola bilər. Sadəcə olaraq bu gün Ermənistan o imitasiyanı nümayiş etdirə bilər. O da yenə ona verilən təlimatlar əsasındadır".

Humay İSGƏNDƏRLİ