"Fransa-Ermənistan hərbi əməkdaşlığı bizi qorxuda bilməz" - Polkovnik

 17:56 23.02.2024     450

Bildiyimiz kimi, Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Eyni zamanda Fransa Ermənistana müdafiə silahları göndərib.

Ermənistan və Fransanın hərbi sahədə yaxınlaşması haqqında Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev söylədi ki, Fransa Cənubi Qafqaza burnunu soxmağa çalışır:

"Fransa burada möhkəmlənməyə çalışır, gərginliyi artırmağa çalışır, ancaq bu mümkün olan şey deyil. Ermənistan istənilən bir dövlətlə hərbi saziş bağlaya bilər, müxtəlif silahlar ala bilər. Amma bunların Azərbaycana heç bir təsiri olmayacaq. Çünki bu gün Azərbaycan kifayət qədər güclüdür, Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var. Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb, Azərbaycan əsgəri və onun Ali Baş Komandanı Azərbaycan sərhədlərini qarış-qarış qorumağa qadirdirlər. İki ölkənin Azərbaycana etdiyi, sadəcə təhdid və təzyiqdir. Ancaq bunlar heç vaxt Azərbaycanı qorxuda bilməz. Çünki bizim kifayət qədər güclü ordumuz, peşəkar əsgərlərimiz və zabitlərimiz var. Avropanın, xüsusən də Fransanın məqsədi Qafqazda vəziyyəti daha da gərginləşdirmək, sülh sazişinə mane olmaqdır. Ona görə istənilən müqavilələri, Azərbaycanı və onun xalqını, ordusunu, Ali Baş Komandanını qorxuda bilməz".

Humay İSGƏNDƏRLİ